Həbsxanada 71 gündür aclıq edən ictimai fəal, I qrup əlil Famil Xəlilovun səhhəti ağır olaraq qalır. Bu barədə onun həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib.
“Familin ayaqları tutulub. Mədəsi su qəbul etmir, mədəsində və başında kəskin ağrılardan əziyyət çəkir. Dedi ki, bədənin demək olar ki, bütün nahiyələri sızıldayır. Mənim və uşaqlarımızın yalvarışla aclığı dayandırmasını xahiş etməsinə baxmayaraq, Famil aclığı sonadək davam etdirəcəyini bildirdi. Dedi ki, ev dustaqlığına buraxılsa bəlkə də aclığı dayandıra bilər”, deyə o qeyd edib.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Lakin, bir qayda olaraq, qurumdan bütün məhbusların hüquqlarının və qanuni maraqlarının qanuna uyğun şəkildə təmin edildiyini iddia edirlər.
* Famil Xəlilov – qolları iflic olan əlil mayın 2-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə saxlanılıb. Fəal barəsində 4 ay müddətinə azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Xəlilovun yaxınların onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Turan