“Azadlıq” qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tezeхan Mirələmli bu gün həmin müxalif təşkilatın lideri Əli Kərimlinin evindən çıxarkən saxlanılıb. Bu barədə Turan-a AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.
“Təzəxan Mirələmli AXCP sədri Əli Kərimlinin evindən çıxarkən mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O gün ərzində AXCP sıralarından həbs olunan 3-cü şəxsdir. Onun həbsi hakimiyyətin Əli Kərimlinin təcridi ilə bağlı xüsusi planı olduğunun bir daha sübut edir. AXCP sədri Əli Kərimli telefon əlaqəsiylə T. Mirələmlinin həbsinə münasibət bildirərkən dedi ki, son günlərdə həbs edilən cəbhəçilərin əksəriyyəti onunla birbaşa əlaqədə olan şəxslərdir. Mühafizəçi Niyaməddin Əhmədov məhz onun evinə gedib çıxdıqdan sonra izlənərək saxlanılıb. Ruslan Əmirovun həbsi də bənzər motivi olub. Bu gün həbs olunan İslam İslamzadə də bir gün əvvəl modem almaq üçün AXCP sədrinin evinə gedib. Bir az əvvəl saxlanılan Təzəxan bəy isə onlara müsahibə üçün gedibmiş.Jurnalist blokdan düşən kimi yolda həbs edilib.Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür. Xalq Cəbhəsi Partiyası bu repressiyalar qarşısında geri çəkilməyəcəyini bildirməklə hökuməti qanunlara əməl və hörmət etməyə çağırır”, – deyə Həzi bildirib.
O əlavə edib ki, bu gün AXCP Abşeron rayon təşkilatının fəalı Vüqar Abilliyə polisə tabe olmamaq ittihamı ilə 20 günlük həbs edilib.
Turan