Əfqan Muxtarlı: Siyasi partiyalar vahid boykot bloku yaratsın


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-02-14 22:14:10

Jurnalist prezident seçkiləri ilə bağlı təklif verdi


Həbsdə olan jurnalist Əfqan Muxtarlı müxalifətə aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı birgə fəaliyyət göstərməyi təklif edib. Jurnalist yaxınları Meydan TV-ə bildirib ki, o, bu barədə təkliflər hazırlayıb və ictimaiyyətə çatdırılmasını istəyib.


Ə.Muxtarlı təklif edir:


“Müxalifət - AXCP, Müsavat Partiyası, "Nida" Vətəndaş Hərəkatı və REAl vahid boykot bloku yaratsın. Seçkilərin müşahidəsi təşkil olunsun. Seçki qərargahı yaradılsın. Ölkə üzrə seçki məntəqələrində müşahidələr həyata keçirilsin”.


Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.


Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.


2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.


Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.