SDMT: Növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şərait təmin olunmayıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-02-12 18:41:51


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 6 ay öncə keçirilməsi barədə sərəncamın Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını müəyyən edib.


Bu barədə SMDT-nin fevralın 12-də yaydığı bəyanatda bildirilib.


Mərkəz hesab edir ki, hazırda arasında jurnalist, bloqer və siyasi partiya fəallarının olduğu 140 nəfərdən artıq siyasi məhbusun həbsi, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən 2017-ci ilin martından etibarən müstəqil TV və qəzetlərin veb səhifələrinin bloklanması və sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şəraitin təmin olunmadığını göstərir:


“Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı 9 oktyabr 2013-cü il prezident seçkisindən sonra başlayan siyasi təzyiqlərin aradan qalxmaması hazırda vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət imkanlarını tükəndirib”.


SMDT 2001-ci ildə təsis olunub. Ancaq 2008-ci ildə Ədliyyə Nazirliyinin iddiası əsasında Xətai rayon məhkəməsi tərəfindən qeydiyyatı ləğv edilib.


Mərkəz 2001-2008-ci illərdə Azərbaycanda keçirilən referendum (24 avqust 2002-ci il), prezident (15 oktyabr 2003-cü il və 15 oktyabr 2008-ci il), bələdiyyə (17 dekabr 2004-cü il) və parlament (6 noyabr 2005-ci il) seçkilərini, o cümlədən əlavə və təkrar parlament seçkilərini müşahidə edib.