Astarada sürücülərin narazılığı...


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-02-10 22:17:09

Astarada sürücülərin narazılığı...


Fevralın 10-da Azərbaycanın müxtəlif bölgələrindən olan onlarla sürücü Astara yük terminalının önünə toplaşaraq etirazlarını bildiriblər.


Narazı sürücülərdən Adil Bağırov deyib ki, onlar əsasən İrana yük daşıyırlar:


“İrana yüksüz maşın buraxmırlar. Ona görə işsiz qalmışıq. Bizim başqa işimiz yoxdur. Astara dəmir yolu stansiyasına gətirilən tranzit yükləri iranlı sürücülərə verirlər. Biz qalırıq yüksüz. Boş maşını da İran tərəfi buraxmır. Hamının ailəsi var. Bakıda da işsizlikdir. Hamı bir-birinə bağlıdır. Biz işləmək istəyirik. Başqa yolumuz yoxdur. Sürücüyük...”


Sürücülərdən Asəf Novruzov da deyib ki, 17 ildir İrana gedib-gəlir:


“Bu günə qədər narahatlıq olmayıb. Biz indi nə İrana yük apara, nə də gətirə bilirik. Əvvəl İrana yüksüz gedərdik. İranda mal vurub qayıdardıq. Uşaqlarımızı dolandırardıq. İndi bizim fəaliyyətimizi tamam dayandırıblar. İran ərazisnə keçəndə 240 dollar torpaq basdı veririk. Üstəlik, sığorta pulu verirəm. Ancaq bir ay ərzində bir dəfə də olsun İrana getməmişəm. 4 dənə nisyə təkər almışam.Təkərlərin sahibi gəlib maşından təkəri sökmək istəyir. Mən necə ailəmi saxlayım? Əvvəllər burdan taxta aparırdıq İrana, ordan yük gətirirdik.”


Sürücü Əli Bağırov isə bunları deyib: “Burda toplaşan sürücülər əsasən cənub bölgəsindən olanlardır. Masallı, Lənkəran, Cəlilabad, Astara... Prezidentmiz işsizliklə mübarizə aparır,bizi isə işsiz qoyurlar.Yüzlərlə sürücü işsiz qalıb.”


Gənc sürücü Məhəmməd Ağayev isə prezidentə üz tutur: “Mən 3 uşaq atasıyam.Necə yaşayaq, neçə dolanaq? Əgər ailəyə qazanc gətirə bilmirəmsə mən nə adamam. Xahiş edirk prezidentimizdən biz gənclərə yol göstərsin. Biz də öz zəhmətimizlə çörək qazanaq.Gələcəyin 3 əsgərini böyüdürəm.”


Sürücü Səbuhi Babayev isə yaranmış vəziyyəti belə izah edir:


“Əvvəllər taxtanı vurub, gedirdik İrana. İndi həmin taxtanı stansiyada birbaşa İran maşınlarına vururlar. Hansı qapıya gedirk bizi qovurlar.”


Astara dəmir yol stansiyasında da olduq. Stansiyada onlarala taxta yüklənmiş vaqon gördük.Vaqonların yanında isə İrana məxsus yük maşınları gözləyirdi.


Adının çəkilməsini istəməyən bir iş adamının deməsinə görə, taxtalar tranzit yükdür və iranlı işadamlarına məxsusdur:


“Ona görə də İrana məxsus yük maşınlarına üstünlük verirlər.Başqa tərəfdən, İran maşınları az xərc istəyir. Azərbaycana məxsus yük maşınları standartlara da uyğun gəlmir...”


Azərbaycanın rəsmi qurumlarından isə, hələlik, sürücülərin şikayətinə münasibət almaq mümkün olmayıb.