Əfqan Muxtarlının işi ilə bağlı apelyasiya şikayəti verilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-02-09 16:31:49

Vəkil: “Əfqan Muxtarlıya bəraət verilməsini tələb etmişik”


Jurnalist Əfqan Muxtarlının Balakən rayon məhkəməsinin qərarı ilə 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı apelyasiya şikayəti verilib.


Meydan TV xəbər verir ki, bunu onun vəkili Elçin Sadıqov yazıb.


Onun sözlərinə görə apelyasiya şikayəti ilə bağlı Şəki Apelyasiya Məhkəməsinin hakimi Rafail Əliyevin sədrliyi ilə fevralın 20-də saat 12:00-da ilkin baxış iclası keçiriləcək.


“Şikayətdə apelyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və Muxtarlı Əfqan Sabir oğluna bəraət verilməsini tələb etmişik”.


Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.


Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.


Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.


2017-ci il dekabrın 12-də Balakən rayon məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib. 


Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.