Meydan TV saytına və Cəmil Həsənlinin səhifəsinə kiberhücumlar olub


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-01-10 10:55:32

Yanvarın 9-da Meydan TV-nin saytına hücum edilib. Nəticədə sayta giriş çətinləşib. Hazırda kiberhücumların hansı istiqamətdən olması müəyyənləşdirilir.


Ehtimal olunur ki, bu, Azərbaycan hökumətini tənqidi səsləri boğmaq üçün atdığı addımlardan biridir.


Yanvarın 9-da Milli Şuranın sədri Cəmil Həsənlinin “Facebook” səhifəsi də ələ keçirilib və səhifədəki bütün paylaşımlar silinib. Səhifəni ələ keçirənlərin həmçinin, onu izləyənlərin sayını bloklayaraq, 70 mindən çox azaltdığı deyilir.


Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində müxalif siyasətçilərin birliyi kimi yaradılıb. Cəmil Həsənli isə həmin vaxt prezidentliyə namizəd olub.


AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində yazıb ki, bu hadisə Cəmil Həsənlini susdura bilməyəcək:


“Acgöz oğrular indi də Milli Şuranın sədri Cəmil Həsənlinin səhifəsini ələ keçiriblər. Səhifəni ələ keçirən kimi də başlayıblar onu bəyənmiş adamları blok etməyə. Qısa vaxtda səhifəni izləyənlərin sayını 108 mindən 34 minə endiriblər. Səhifədəki yazılarını, videoçıxışlarını siliblər. Növbəti dəfə etiraf edirlər ki, oğrudurlar, cinayətkardırlar (indi etdikləri də kibercinayətdir), siyasətə təsadüfən soxulmuş, rəqabət qabiliyyəti olmayan bacarıqsızlardır. Cəmil Həsənlinin səhifəsini ələ keçirə bilərsiniz, ancaq Cəmil Həsənlini susdura bilməyəcəksiniz. O, danışacaq və yazacaq, sizi ifşa edəcək, xalqımız da bir yolunu tapıb onu oxuyacaq, dinləyəcək. Çünki xalqımız sizdən də, sizin yalanlarınızdan da bezib, azadlıq, doğru söz eşitmək istəyir. Bütün qanunsuz cəhdləriniz əbəsdir. Xalqımız sizdən qurtulmağın yolunu tapacaq”.


Bir müddət öncə AXCP sədri Əli Kərimlinin də “Facebook” səhifəsini ələ keçirməyə cəhd edildiyi bildirilmişdi. Ə.Kərimlinin sözlərinə görə, səhifəni cəmi 30 dəqiqəyədək onun nəzarətindən çıxara bilmişdilər. Bununla belə, həmin vaxt ərzində səhifədəki bir neçə aylıq paylaşımları silə və izləyənlərini bloklayaraq, 3 mindən çox azalda bilmişdilər.


2017-ci il, martın sonundan Azadlıq Radiosu, Meydan TV, Turan TV və daha bir neçə müstəqil sayta giriş əngəllənib. Rabitə Nazirliyi əvvəlcə bundan xəbərsiz olduğunu bildirsə də, sonradan məhkəmədə üzə çıxdı ki, Baş Prokurorluğun müraciətilə belə bir addım atılıb.


Mayın 12-də isə Səbail rayon Məhkəməsinin qərarı ilə bir neçə müstəqil sayt bloklanıb.


Söhbət Azadlıq Radiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin, TuranTV-nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarından gedir.


Məhkəmə qərarı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiası əsasında verilib. Nazirliyin iddia tələbi qismən təmin olunub. İddia ərizəsində adları çəkilənlərlə yanaşı, bu informasiya resurslarına girişi mümkün edən başqa saytların da bloklanması istənilirdi.


Nazirlik iddiasının Baş Prokurorluğun müraciətinə söykəndiyini bildirib. Müraciətdə sözügedən saytlarda dövlətin maraqlarına ziyan vuran bir sıra yazıların yayıldığı iddia edilib. Ancaq müdafiə tərəfi məhkəmə prosesində iddiaların əsassız olduğunu bəyan edib.


Meydan TV