Həbsdə olan müsavatçıya əlavə ittiham


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-01-08 15:12:51

Həbsdə olan Müsavat Partiyası Şirvan şəhər Təşkilatının sədri Əlikram Xurşudova yekun ittiham verilib.


Bunu Ə.Xurşudovun vəkili Nemət Kərimli bildirib.


«Qərara görə, bu il yanvarın 5-də əlavə olaraq 315.2-ci maddə (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə ilə müqavimət) ilə ittiham irəli sürülüb»,-N.Kərimli deyib.


N.Kərimlinin bildirməsinə görə, istintaq artıq yekunlaşmaq üzrədir.


Ə.Xurşudov ötən il noyabrın 22-də saxlanıb. Noyabrın 24-də isə Şirvan Rayon Məhkəməsinin qərarı ilə Ə.Xurşudov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 (xuliqanlıq) maddələri ilə ittiham elan edilmişdi.


Yekunda isə ittihamdan 221.2.2 maddə çıxarılıb. Ona qarşı əvvəlki 221.2.3 və yeni 315.2 maddələr üzrə ittiham verilib.


N.Kərimli 315.2-ci maddənin əlavə edilməsini cinayət işinin daha da ağırlaşdırılması sayır. Onun deməsinə görə, yeni ittihamlar təsdiqini taparsa, Ə.Xurşudovu 7 il həbs gözləyir. Bundan əvvəl isə maksimim cəza 5 il həbs idi.


Müsavat Partiyası bəyanat verərək həbsin siyasi motivli olduğunu bildirib.


Ancaq rəsmilər ölkədə siyasi motivli həbslərin olması fikrini qəbul etmirlər.


Müsavat Partiyası həbsdən dərhal sonra həmçinin bildirmişdi ki, Ə.Xurşudov özünün Facebook səhifəsində Şirvan şəhərində vətəndaşların inzibati üsullarla Yeni Azərbaycan Partiyasına (YAP) üzv yazdırılması haqda status paylaşıb. Onlar həbsi belə statuslarla izah edirlər.


Hakim YAP haqda bundan əvvəl də belə fikirlər səslənib. Ancaq bu partiya, bir qayda olaraq, belə iddiaları təkzib edir. Ötən il yaradılmasının 25 illiyi qeyd edilən YAP-ın 700 mindən çox üzvünün olduğu deyilir.


Azadlıq Radiosu