Söküntüdən narazı sakinlər: 'Ya bizə kompensasiyanı tam verin...'


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2018-01-08 13:05:55

“Bizim evlərimizi sakinlərlə razılaşmadan sökmək istəyirlər və biz buna etiraz edirik”.


Bunu dünən, yanvarın 5-də “Azadlıq” prospektinin Nəsimi rayonuna aid hissəsində beşmərtəbə binalarda yaşayan sakinlər bildiriblər.


Onların sözlərinə görə, söhbət 5-6 beşmərtəbəli binanın taleyindən gedir:


“Özlərini “Qrand Palace” şirkətinin nümayəndələri kimi təqdim edən şəxslər sakinlərlə razılaşmadan binaları sökmək istəyirlər. Baxmayaraq ki, Nəsimi rayon İcra Hakimiyyəti ilə müqavilələrinə görə, sakinlərlə razılıq olmadan evləri sökə bilməzlər. Buna baxmayaraq keçən il dekabrın sonlarında bir dəfə cəhd etdilər, qarşısını aldıq. Yanvarın 5-də bir də gəliblər, yenə etiraz edirik. Bu məhəllədə 110-120-yə yaxın ailə yaşayır. 15-20 ailə ilə razılaşıblar, çoxluq onlarla razılaşmır. Amma özbaşınalıqlarını davam etdirib, borularla binaların ətrafını hasarlayırlar”, – deyə sakinlərdən biri bildirib.


Məhəllə sakinləri deyib ki, onları razı salmayan şirkətin şərtləridir:


“Bizə deyirlər ki, binaları sökürlər. İki ildən sonra həmin binaların yerində tikiləcək evlərdən bizə mənzillər verəcəklər. Biz də deyirik ki, elə bu beşmərtəbə binaların yanında həmin şirkətin 4-5 hündürmərtəbəli binası var. Mənzillərin çoxu da boşdur. Ya bizə kompensasiyanı tam verin və ya həmin binalardan mənzillə təmin edin”.


Məhəllə sakinləri bildirib ki, adı çəkilən şirkətin vədinə inanmırlar.


Agentliyin xəbərinə görə, dəfələrlə cəhd etsələr də sözü gedən şirkətdən sakinlərin narazılığına münasibət almaq mümkün olmayıb.


Ancaq Nəsimi Rayon İcra Hakimiyyətindən “Turan” agentliyinə bildiriblər ki, həmin məhəllədə əhalinin heç də hamısının birdən köçürülməsi nəzərdə tutulmur. İcra hakimiyyətindən deyildiyinə görə, proses hissə-hissə icra ediləcək:


“Boruların basdırılması da tikiləcək binanın yerinin müəyyən olunması prosesilə bağlıdır. Bu məsələ ilə bağlı bu gün, yanvarın 6-da həmin məhəllənin sakinlərilə görüş olacaq”, – deyə icra hakimiyyətindən qeyd ediblər.


Turan