'Nardaran işi-1' üzrə kasasiya şikayətinə baxılacaq


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-29 13:20:15

Azərbaycan Xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırovun kasasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.


Vəkil Fəxrəddin Mehdiyevin AzadlıqRadiosuna bildirməsinə görə, F.Qəhrəmanlı, T.Bağırov və daha 16 nəfərin ittiham olunduğu və şərti olaraq «Nardaran işi-1» adlandırılan proses üzrə Ali Məhkəməyə verilən kasasiya şikayətinə fevralın 22-də baxılacaq.


Proses Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifovun sədrliyi ilə keçiriləcək.


2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib. Onlardan 18 nəfəri bu yaxınlarda vaxtından əvvəl azadlığa buraxılıb.


40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.


Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.


Ağır cinayətlərdə ittiham olunan T.Bağırov və daha 17 nəfərin məhkəməsi əvvəlcə yekunlaşıb. Bağırov 20, F. Qəhrəmanlı 10 il həbs cəzası alıb. Başqalarına da 20 ildən 10 ilə kimi həbs cəzası verilib.


T.Bağırova daha sonra Cinayət Məcəlləsinin 317-2 (cəzaçəkmə müəssisəsində saxlanan şəxsin qadağan olunmuş əşyalar saxlaması) maddəsi ilə ittiham verilib. İddia olunur ki, ilahiyyatçı Kürdəxanıdakı istintaq təcridxanasından Qobustandakı həbsxanaya köçürülərkən üzərindən 7 minikart tapılıb. T.Bağırov deyir ki, bu kartlarda qanunsuz heç nə yoxdur.


Bir müddət öncə də şərti adı «Nardaran işi-3» olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. 12 nəfərə 12 il 3 aydan 17 ilə qədər olmaqla, ümumilikdə 160 il 9 ay həbs cəzası verilib.


Bu günlər «Nardaran işi-2» üzrə də hökm oxunub. Bu dəfə isə 12 nəfərə 15 ildən 12 il 3 aya kimi həbs cəzası kəsilib.


«Nardaran məhbusları» məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Onlar ittihamları qəbul etmirlər. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.


Azadlıq Radiosu