Rəhim Qazıyevə 10 sutka həbs verildiyi deyilir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-26 22:38:37

Vəkilləri və yaxınları, hələki, həbs olunduğu bildirilən keçmiş müdafiə naziri Rəhim Qazıyevlə görüşə bilməyiblər. Polis keçmiş nazirin həbsi ilə bağlı rəsmi açıqlama verməyib.


R.Qazıyevin vəkili Zibeydə Sadıqova polisdən keçmiş nazirlə bağlı detallı məlumat ala bilmədiklərini söyləyib.


Vəkilə R.Qazıyevin nədə günahlandırılması haqda da informasiya verilməyib.


Z.Sadıqova sabah, dekabrın 27-də keçmiş nazirlə görüşməyə çalışacağını ifadə edib.


Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə istinadən keçmiş nazirə 10 sutka həbs verildiyini açıqlayan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı isə R. Qazıyevin İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmama) maddəsi ilə günahlandırıldığını güman etdiklərini söyləyib.


R.Qazıyevin inzibati əsaslarla saxlanılıb həbs edildiyi haqda deyilənləri dəyərləndirən vəkil Əsabəli Mustafayev isə bunun heç bir qanuni əsasının olmadığını bildirib.


R.Qazıyev 1943-ci ildə doğulub, 74 yaşı var.


“İnzibati Xətalar Məcəlləsinin 30.2. maddəsinə görə, bir sıra şəxslərə, o cümlədən 65 yaşına çatmış kişilərə bu cəza növü tətbiq oluna bilməz”, - deyə vəkil bildirib.


Vəkilin bu açıqlamasına da hüquq mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.


Turan