'Turan'ın şikayəti təmin edilməyib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-07 18:30:15

Bu gün, dekabrın 7-si 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi «Turan» agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasını təmin etməyib.


İddiada 2010-2017-ci illər üzrə agentlikdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz sayılması xahiş edilirdi.


Agentliyin iddiasına hakim Müseyib Bayramovun sədrlik etdiyi məhkəmə kollegiyası baxıb. Məhkəmə iddianı məqbul saymayıb. Qərar səyyar yoxlamanın inzibati akt sayılmaması və ondan şikayət verilməsinin düzgün olmaması ilə bağlı Vergilər Nazirliyinin nümayəndəsinin vəsatətinə əsaslanıb.


Agentliyin vəkili Fuad Ağayev məhkəmədən sonra cavabdehin dəlilləri və məhkəmənin qərarı ilə razı olmadığını bildirib. O deyib ki, Vergilər Nazirliyinin 7 sentyabr 2016-cı ildə təsdiqlədiyi «Səyyar vergi yoxlamalarının icraatı qaydaları»na əsasən, vergi ödəyicisi 30 gün müddətində yoxlama barədə qərardan şikayət vermək hüququna malikdir.


F.Ağayev qeyd edib ki, iddiaçı Apellyasiya Məhkəməsinə müraciət edəcək və apellyasiya şikayətinə baxılması ən azı bir ay çəkəcək.


«Turan» agentliyi Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı da eyni məzmunlu iddia qaldırmışdı. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi həmin iddianı da oktyabrda mümkünsüz hesab etmişdi.


Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti avqustun 7-də «Turan» agentliyini 2014-2016-cı illər üzrə 27 min manat vergidən yayınmada ittiham edib. Üstəlik, buna cərimə də əlavə edilib. Agentliyə qarşı cinayət işi açılıb.


Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq o azad edilib.


Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq da bunu təsdiqləyib.


Bu il noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş gəlib. Həmçinin, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üzrə səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub. Ancaq agentlik vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb. Agentliklə nazirlik arasında buna görə də məhkəmə mübahisəsi var.


Azadlıq Radiosu