Ali Məhkəmə Əli Kərimlinin qaynının cəzasını yüngülləşdirməyib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-06 21:33:03

Ali Məhkəmə bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun cəzasının yüngülləşdirilməsi haqqında ərizəsini təmin etməyib.


"Texnikabank" ASC-nin Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov 2012-ci ilin martında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 320 (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilib və 7,5 il müddətinə azadlıqdan məhrum edib.


Seyidov ittihamları təkzib edib, qohumu Əli Kərimlinin müxalif fəaliyyətinə görə təqib edildiyini bildirib.


2016-cı ildə cəzasının yarısını çəkməsi və səhhətində problemlərlə (dağınıq sklerozdan əziyyət çəkir) əlaqədar Seyidov cəzasının yüngülləşdirilməsi və məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət edib. Amma Qaradağ rayon məhkəməsi müraciəti təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb.


Bu gün Seyidovun kassasiya şikayətinə baxılıb. Hafiz Nəsibovun sədrliyi ilə hakim heyəti Seyidovun şikayətini təmin etməyib, baxmayaraq ki, o, artıq cəzasının üçdə ikisini çəkib, bu barədə Turan-a Seyidovun doğmaları bildiriblər.


Müdafiə tərəfi Avropa Məhkəməsinə şikayət etməyi planlaşdırır.


Seyidov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.


Turan