Heykələ şüar yazan gənc: 'Yalan simvolları ilə aram yoxdur'


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-06 21:25:25

"Bu, kürəyə sancılmış xəyanət qılıncının əzabından doğan "uff" idi...", – mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamı ilə on il həbs cəzası almış Qiyasın atası Həsən İbrahimov oğlunun işinə baxan hakimləri təhqir etməsi haqda ittihama belə cavab verib.


İndi Həsən İbrahimov da oğlu ilə birlikdə məhkəmə qarşısında cavab verir. Onlar Qiyas haqqında 10 illik hökmü qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin üç hakimini - Vüqar Məmmədov, Əflatun Qasımov və Əmir Bayramovu təhqir etməkdə suçlanır. Ata və oğul İbrahimovlara CM-nin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham verilib.


Adları çəkilən hakimlər İbrahimovların işində şahid kimi tanınıb. Çünki istintaq zamanı hakimlər şikayətləniblər, Qiyas və atasının məhkəməyə hörmətsizlik etdiyini deyiblər. Bu hakimlər məhkəmədə də dindirilmək üçün çağırılsalar da, gəlməkdən imtina ediblər.


Dekabrın 6-da Yasamal Rayon Məhkəməsində İbrahimovların işinə baxan hakim Hüseyn Səfərov məlumat verib ki, şahid hakimlərin üçü də teleqram göndərib. Yazıblar ki, üzrlü səbəbdən gələ bilmirlər, istintaqdakı ifadələrini təsdiqləyirlər.


İbrahimovların vəkili Elçin Sadıqov etiraz edib. Bildirib ki, hakimlərin üçünün də istintaqa ifadələri az qala, nöqtə-vergülünə qədər eynidir. Üstəlik, həmin ifadələrlə hadisə günü məhkəmə zalında lentə alınmış video-görüntülər arasında ziddiyyət var. Məsələn, hakimlər iddia edir ki, Həsən İbrahimov onların ünvanına "alçaq oğlu" ifadəsini işlədib. Amma kadrlardan görünür ki, orada belə ifadə səslənməyib. Ona görə də vəkil hakimlərin özlərinin məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb.


Vəsatət təmin olunmayıb.


Ardınca Qiyas və atası ifadə verib. Həsən İbrahimov deyib ki, il yarımda ailəsinin, oğlunun başına gətirilənlər, məruz qaldıqları təzyiqlər onu mənəvi cəhətdən yorub.


“Bütün dünya bilir ki, övladımı şərləyib həbs eləyiblər. Məni bu işə görə birinci dəfə müstəntiq çağıranda da dedim, davamlı təzyiqlərdən bezmişdim. Həmin məqamda hansı ifadələri işlətdiyim dəqiq yadımda deyil, səmimi deyirəm. Çünki o anda mənim hakimlərin elədiyi haqsızlığa etirazım kürəyinə xəyanət xəncəri sancılmış adamın çəkdiyi əzabdan “uff” deməsi idi. Evdə tək olan aciz bir qadını itələyib, evə bir kiloqram narkotik atırlarsa, hardadır haqq-ədalət? Mən də dedim ki, əgər haqqı unurdursunuzsa, ədalətsizlik eləyirsinizsə, sizin də övladlarınızın başına gəlsin, görəsiniz ki, biz nə çəkirik. Axı biz də insanıq, biz də Azərbaycan vətəndaşıyıq... Mən sadəcə, məhkəmədəki haqsızlığa, ədalətsizliyə etirazımı bildirmişəm”, – Həsən İbrahimov ifadəsində belə deyib.


Onun sözlərinə görə, hadisə günü Qiyas İbrahimov hakimlərə deyib ki, bir ildir onu yalan narkotik nağılı ilə həbsdə saxlayırlar, indi də özü nağıl danışmaq istəyir. Hakim də onun saxlandığı kabinədəki mikrofonu söndürüb, çıxışına imkan verməyib: “Qiyas da mikrofonu çıxartdı, dedi ki, əgər mənim danışmağıma imkan vermirsinizsə, daha nə üçündür bu mikrofon?!”


Atasından sonra Qiyas özü də ifadə verib. Deyib ki, hətta Bakı Ağır Cinayətlər Məhkəməsində ona saxta ittihamla on il həbs cəzası vermiş hakimlərə də hörmətsizlik eləməyib, hökm oxunandan sonra onlara “çox sağ ol” deyib. İşinə apellyasiya məhkəməsində baxılarkən də məhkəməyə hörmətsizlik etmədiyini, çıxış üçün öz növbəsini gözlədiyini deyən gənc fəalın sözlərinə görə, əksinə, hakim Vüqar Məmmədov onun hüququnu pozub, çıxış etmək imkanını əlindən alıb: “Mən sifariş icra edən hakimləri təhqir eləməyi yersiz sayıram. Hakimləri də sifariş icra edib, haqqımdakı hökmü qüvvədə saxladıqlarına görə nə təhqir etmişəm, nə də onlara hörmətsizlik eləmişəm. Mən sadəcə, sözümün kəsilməsinə etiraz olaraq, mikrofonu çıxarmışam. Əgər bu hadisədə hüquq pozuntusu varsa, onu da Vüqar Məmmədov eləyib – mənim söz demək hüququmu pozub. Necə ki, ona sifariş verənlər həqiqətlərə qulağını yumub, ancaq yalan danışırlar, eləcə də Vüqar Məmmədov ancaq yalan eşitmək istəyirdi. Yəni həmin mikrofonu yalan simvoluna çevirirdi. Mənim isə yalanlarla, yalan simvolları ilə aram yoxdur. Ona görə də o mikrofonu yerindən çıxartdım”.


Ardınca məhkəmə zalında hakimin onun çıxışını kəsib, mikrofonu söndürməsinə etiraz olaraq, Qiyasın sındırdığı iddia olunan mikrofona baxış keçirilib. Qiyas və müdafiəçisi deyib ki, bu, həmin mikrofon deyil. Ya da sonradan qəsdən iki yerə bölünərək işə əlavə olunub.


Ardınca hadisə günü məhkəmə zalında lentə alınmış video-görüntülərə baxış keçirilib, ekspert rəyləri elan olunub.


Daha sonra hakim məhkəmə istintaqının yekunlaşması haqda tərəflərin fikirlərini soruşub. Prokuror etiraz etməyib, vəkil Elçin Sadıqov bir daha şahid hakimlərin dindirilməsini istəyib. Amma Hüseyn Səfərov bu dəfə də rədd cavabı verib və məhkəmə istintaqının başa çatması haqda qərar qəbul edib.


Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona dekabrın 12-nə qədər vaxt verilib.


Azadlıq Radiosu