BMT ekspertləri jurnalistə səyahət qadağasını götürməyə çağırırlar


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-05 14:08:08

Initial content Azərbaycan araşdırmaçı jurnalist Xədicə İsmayılovaya səyahət qadağasını qaldırmalı, ölkədə media müstəqilliyini gücləndirməlidir. Bunu BMT-nin insan haqları ekspertləri dekabrın 5-də verdikləri birgə bəyanatda deyirlər.


Bəyanat BMT-nin fikir və ifadə azadlığının qorunması üzrə xüsusi məruzəçisi David Kaye və hüquq müdafiəçilərinin durumu üzrə xüsusi məruzəçi Michel Forst-un adından verilib.


Bəyanatda deyilir ki, İsmayılovaya araşdırmasına görə mükafat verilib, ancaq onu almaqdan ötrü dekabrda İsveçdə keçiriləcək tədbirə gedə bilmir.


“Xədicə İsmayılovanın araşdırmaçı jurnalist kimi cəsarətli işi ona ‘Dürüst Həyat’ mükafatını qazandırıb, amma o, mükafatı ala bilmir. Çünki elə həmin işinə görə ona səyahət qadağası qoyulub”, – ekspertlər deyirlər.


“Bu qadağa jurnalistin ifadə azadlığını boğur, çünki məqsəd onun xaricə səyahət edərək insan haqlarından danışmasını əngəlləməkdir. Hakimiyyəti qadağanı qaldırmağa, jurnalistikanı saxta bəhanələrdə məhdudlaşdırmamağa çağırırıq”, – bəyanatda daha sonra vurğulanır.


Jurnalist səyahət qadağasının qaldırılmasından ötrü bir neçə dəfə məhkəmələrə müraciət etsə də, buna nail olmayıb.


BMT-nin ekspertləri araşdırmaçı jurnalistin bank hesabının dondurulmasından da narahatlıqlarını bildiriblər.


“Xanım İsmayılovaya hakimiyyətin tədbirləri hüquq çərçivəsini aşır. Bu, jurnalistin fərdi işinə və ölkədə müstəqil jurnalistikaya ziddir”, – ekspertlər bildirirlıər.


Qeyd edək ki, hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirirlər.


Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.


O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilirdi. Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edirdi.


X.İsmayılova Ali Məhkəmənin qərarı ilə ötən il mayın 25-də həbsdən buraxılıb. Məhkəmə onun cəzasını 3 il 6 ay şərti cəza ilə əvəz edib.


Məhkəmə ona ittiham olunduğu iki maddə üzrə 179 (mənimsəmə) və 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) bəraət verib.


Məhkəmə jurnalistə ittiham olunduğu digər iki maddə 192 (qanunsuz sahibkarlıq) və 213 (vergidən yayınma) üzrə isə 3 il 6 ay cəza verib. Daha sonra 70-ci maddəni tətbiq etməklə onun həbs cəzası şərti cəza ilə əvəzlənib.


X.İsmayılova həbsdən çıxdıqdan sonra jurnalist araşdırmalarına görə, bir neçə nüfuzlu mükafata layiq görülüb.


Sentyabrda o, iki nüfuzlu mükafat alıb. Sentyabrın 26-da X.İsmayıl «Nobel mükafatına alternativ» - «Dürüst Həyat» (Right Livelihood) laureatı adını qazanmışdı.


Kanadadakı Britaniya Kolumbiyası Universiteti Hüquq fakültəsinin təsis etdiyi «Allard» mükafatının qalibi də Xədicə İsmayılova elan edilib.


Jurnalistin bank hesabı noyabrın 14-də dondurulub.


Azadlıq Radiosu