'İlham Əliyev seçkilərdə Nardarandan 83 faiz səs toplayıb'


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-12-04 17:33:22

Faiq Allahverdiyev: ''Bizim yerimizə Allah sizinlə vuruşacaq''


Dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər.


Təqsirləndirilən Mehman Quliyev son sözünü yazılı formada təqdim edib və əlavə çıxış etmək istəməyib. Təqsirləndirilən Mehman Məmmədov isə bildirib ki, verilən ittihamların onlara adiyyatı yoxdur:


"Mən Nardaran hadisələrində evdə oturmuşdum. Ağsaqqallar dedilər, “get meydana sakitçilik yarat”. Mən də getdim. Sonra eşitdim polislər məni axtarır. Getdim idarəyə. 2015-ci il noyabrda parlament seçkiləri keçirilib və mən də seçkiyə dəstək vermişəm. Niyə bu dövləti yıxmaq istəyim? İki ildir günahsız yerə həbsdəyəm. Mən düşmən deyiləm axı.  İlham Əliyev seçkilərdə Nardarandan 83 faiz səs toplayıb. Əgər biz dövlətə qarşı olsaydıq, belə olmazdı. Mən inanıram ki, məhkəmə müstəqildir. Ona görə heç yerə şikayət etmədən gözləyirəm”.


Mehman Məmmədov heç bir partiya, təşkilat üzvü olmadığını söyləyib. Həbs edilməyinin səbəbini bilmədiyini deyib: 


“Burada İŞİD-in barmağı var. İnanmıram ki, bunları DİN edib. Prezident buna razı olmazdı. Prezidentin baş müşavirinin həyat yoldaşı, sinif yoldaşı bizim qohumlardır. Prokurorluqda və digər orqanlarda da yaxınlarımız var. Ancaq mən heç kimə ağız açmamışam. Günahı olan ağız açar. Mən inanıram ki, ədalətli qərar veriləcək".


İclasda təqsirləndirilən Faiq Allahverdiyev də çıxış edib. O bildirib ki, onları günahsız yerə həbs ediblər:


"Bizim yolumuzu kəsmək mümkün deyil. Kiminlə vuruşurlar, Allahla? Cəhənnəm istəyirlər? İmam Hüseynin məclisində bizi tutdular. İmam Hüseynlə vuruşurlar? Bizim yerimizə Allah sizinlə vuruşacaq". 


Bununla da təqsirləndirilən şəxslərin son söz demək mərhələsi bitib. Hakimlər müşavirəyə gediblər.  Dekabrın 6-da hökm elan ediləcək. 


Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Faiq Allahverdiyevin 15 il, Əli Hüseynovun 14 il, Mehman Quliyevin 15 il, Mehman Məmmədovun 14 il, Eldar Bünyatovun 14 il, Elman Ağayevin 15 il, Elxan Həsənovun 14 il, Ramil Seyfullayevin 15 il, Mübariz İbrahimovun 15 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.


Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.


Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb.


Onlar özlərini təqsirli bilmirlər.


Meydan TV