Turan Agentliyinə qarşı vergi sanksiyası ləğv edilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-16 15:03:51

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan" Agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar). məbləğində əlavə vergi sanksiyasını ləğv edib. Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib.

Bu barədə departament agentliyə rəsmi məktubla məlumat verib.

Qeyd edək ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən "Turan"a qarşı cinayət işi başlanması üçün istifadə edilmişdi.

Avqustun 16-da agentliyin ofisində axtarış aparılmış, maliyyə fəaliyyəti ilə bağlı mühasibat sənədləri və elektron daşıyıcılar götürülmüşdü.

İki gün sonra, avqustun 18-də vergi yoxlamasını 1 iyul 2010-cu ildən 1 iyul 2017-ci ilə qədər genişləndirmək barədə qərar qəbul edilmişdi.

Avqustun 25-də "Turan" Agentliyinin direktoru Mehman Əliyev həbs ediləndən sonra Vergilər Nazirliyi press-reliz yaymış, orada jurnalistə qarşı ittihamı "vergi bəyannamələrində mənfəət barədə məlumatları təhrif etmək yolu ilə 2010-2016-cı illərdə dövlət büdcəsinə 60080 manat verginin ödənilməməsinə əsaslı şübhələrin olması" ilə əsaslandırılmışdı. Amma bu şübhələrin nəyə əsaslandığı izah edilmirdi. Çünki istintaq "Turan"ın maliyyə fəaliyyəti ilə bağlı əvvəllər təyin edilən səyyar yoxlamanın yekun aktını təqdim etməmişdi.

Eləcə də Agentliyə 2010-2016-cı illər üzrə deyilən məbləğdə əlavə vergi hesablanması barədə hansısa sənəd təqdim edilməmişdi.

"Turan" lap əvvəldən vergi ödənilməməsi barədə ittihamları təkzib edib və 2010-2016-cı illər üzrə əsassız olaraq əlavə vergi hesablanması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə şikayət etmişdi. Şikayət üzrə dinləmələr 27 sentyabra təyin edilib.

Əvvəllər Lokal Vergilər Departamenti mayda agentliyə 2016-cı il üzrə 4 min manat əlavə vergi təyin edib. Amma "Turan" Agentliyinin inzibati şikayətindən sonra Vergilər Nazirliyinin yüksək instansiyası bu qərarı ləğv edib. Sonradan avqustun 7-də həmin departament 2016-cı il üzrə 9 min manat, 2014-2016-cı illər üzrə 37 min manat vergi təyin edib. Mehman Əliyev həbsdən azad ediləndən sonra Lokal Vergilər Departamenti Agentliyə qarşı cinayət işi başlanmasına səbəb olan bu qərarı ləğv edib.

Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə Тuran Agentliyinə qarşı cinayət işinin hüquqi bazası qalmır.