“Azadlıq Radiosu” Azərbaycan hökumətini AİHM-yə verməyi qərara alıb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-15 02:46:18

"Azadlıq Radiosu"nun Azərbaycan xidməti ölkə hökumətinin onun ölkədəki fəaliyyətini az qala üç il ərzində əngəlləməsi iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.

"Biz Azərbaycanın ədliyyə sistemi tərəfindən bizə qarşı irəli sürülmüş ittihamların ləğvi istiqamətində heç bir irəliləyişə nail ola bilməmişik. Bu ittihamlar əsassızdır və Azərbaycan AİHM-in yurisdiksiyasına daxil olduğundan biz bu məsələ ilə bağlı məhz bu məhkəməyə müraciət etmək qərarına gəlmişik", deyə "Azadlıq Radiosu"nun prezidenti Tomas Kent bildirib.

Azərbaycan hüquq mühafizəçiləri 2014-cü ildə "Azadlıq Radiosu"nun Bakı bürosuna reyd keçirib - vergi ilə əlaqədar iki ittiham da daxil olmaqla, bir sıra ittihamlar irəli sürüb. "Azadlıq Radiosu" dəfələrlə bu ittihamların qondarma olduğunu bildirib.

"Azadlıq Radiosu" vergi ilə bağlı ittihamların ölkənin ədliyyə sisteminin bütün səviyyələrində ləğvinə çalışıb (başqa ittihamlara 2016-cı ildə xitam verilib), lakin Ali Məhkəmə bu məsələyə baxılmasını, hökumətin rəyincə, bununla paralel aparılan cinayət işi başa çatanacan təxirə salıb.

"Azadlıq Radiosu"nun vəkilləri cinayət təhqiqatının legitimliyini şübhə altına alıblar. Bu iş reydlə eyni vaxtda başlanıb və Azərbaycan qanunlarına görə, 2016-cı ildə başa çatdırılmalı olduğuna baxmayaraq indiyədək uzadılır. Hökumət indiyədək bu işlə bağlı nə konkret ittiham irəli sürüb, nə də hesabat verib.

"Biz bu qənaətə gəlirik ki, bu qondarma təhqiqat sadəcə dolaşıqlıq yaratmaq məqsədi güdür. Təhqiqat qanun pozuntusuna dair heç bir dəlil aşkar etməsə də, bizim Bakı büromuzu hüquqi baxımdan fəalityyətsiz vəziyyətə gətirib və jurnalistlərimiz üçün təhdid ab-havası yaradıb", deyə bəyanatda qeyd edilir.

"Azadlıq Radiosu" Bakı bürosunun statusu məsələsinin həlli üçün dəfələrlə Azərbaycanın baş prokuroruna müraciət edib.

Lap bu yaxınlarda, avqust ayında AzadlıqRadiosu bu cinayət təhqiqatı barədə son məlumatların verilməsini, şirkətin ştamp, möhür və sənədlərinin qaytarılmasını rica edib. Bunlar 2014-cü ildə keçirilmiş reyd zamanı müsadirə olunub və büro təkrar açılacağı təqdirdə bunlara ehtiyac olacaq. "Azadlıq Radiosu" eyni zamanda büronun dondurulmuş bank hesablarının açılmasını istəyib. Bu hesablarda 70 min dollar pul var. Hakimiyyət AzadlıqRadiosunun məktubunu aldığını bildirsə də, ona heç bir cavab verməyib.

"Azadlıq Radiosu"nun AİHM-ə iyun ayında təqdim olunmuş müraciəti Avropa İnsan Haqları Konvensiyasının 6.1 və 13-cü Maddələrinə əsaslanır. Azərbaycanın da imzaladığı bu Konvensiya ağlabatan vaxt müddətində ədalətli məhkəmənin keçirilməsi və etibarlı müdafiə hüququ verir.

"Azadlıq Radiosu" həmçinin Azərbaycan Xidmətinin internet saytının "ölkənin milli təhlükəsizliyinə hədə yaratmaq" və "ekstremist materiallar dərc etmək" ittihamı ilə məhkəmə tərəfindən bloklanmasına qarşı apellyasiya iddiası irəli sürüb. Bu qadağa mart ayından bəri qüvvədədir. Bu iş üzrə məhkəmənin vaxtı müəyyən edilməyib.

"Azadlıq Radiosu"nun Azərbaycan xidməti internet, peyk, Facebook, YouTube, Instagram və başqa rəqəmsal platformalarda fəal yayılan məqalə, audio və video materialları ilə ölkədə əvəzsiz müstəqil xəbər mənbəyidir. Turan