Bakı polisinin şefi “Maqnitski siyahısı”na namizəddir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-09-14 15:29:28

20-dən çox beynəlxalq hüquq-müdafiə təşkilatı sentyabrın 12-də ABŞ dövlət katibi Reks Tillersonun və xəzinədarlıq üzrə katib Stiven Mnaçinin adına məktub göndərərək "Qlobal Maqnitski qanunu" çərçivəsində bəzi ölkələrdə insan hüquqlarının pozulmasında əli olan onlarla şəxsin barəsində sanksiya tətbiq edilməsinə çağırıb.

Müraciətdə qeyd olunur ki, barəsində sanksiya tətbiq olunması tövsiyə edilən şəxslərin siyahısında "kleptokratik rejimlərə" malik bəzi ölkələrdə böyük korrupsiyada, ciddi pozuntularda günahı olan" məmurlar yer alıb.

"Bizim toxunduğumuz hallar günahsız adamlarla amansız davranışı, insan hüquqlarının kobud pozulmasını, özgəfikirlilərə qarşı seksual və mənəvi zorakılığı əhatə edir", - müraciətdə deyilir.

Qeyd edək ki, beynəlxalq şəxslərin barəsində sanksiya tətbiq olunmasına çağırdıqları şəxslərin siyahısında ilk yerdə Bakı polisinin rəisi Mirqafar Seyidovun adı gəlir.

Məktub müəllifləri hesab edirlər ki, M.Seyidov Bakıda Heydər Əliyevin abidəsini yazan iki gəncə şəxsən özü işgəncə verib. Bundan əlavə, M.Seyidov və onun idarəsinin zabitləri fəalları zorlama ilə hədələyiblər, onları polisin tualetini yumağa məcbur etdikləri vəziyyəti videoya çəkiblər. Eyni zamanda polis bu işi saxtalaşdırıb və onların hər biri narkotik maddə satışına görə 10 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, "Qlobal Maqnitski qanunu" çərçivəsində ABŞ-a səfərlərə qadağa, bank hesablarının bloklanması, həmçinin insan hüquqlarının pozulması faktlarını tanıyan digər Qərb ölkələrində konkret şəxslərə qarşı analoji hərəkətlər nəzərdə tutulur.  Turan