İşçi Qrup beynəlxalq qurumlara müraciət etdi


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-27 16:30:01

Turan İnformasiya Agentliyinin rəhbəri M.Əliyevin saxta vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıq ittihamlarıyla həbs edilməsi, bank hesablarının dondurulması agentliyin ictimaiyyət üçün əvəzolunmaz fəaliyyətini mümkünsüz edib. Ölkənin yeganə müstəqil informasiya agentliyinin qapadılması ilə ölkədə azad sözü, tənqidi fikri yerli və beynəlxalq ictimaiyyətə çatdıran informasiya məkanı daha da daralıb.

Vahid Siyasi Məhbus Siyahısı üzrə İşçi Qrupun Mehman Əliyevin həbsi və Turan İnformasiya Agentliyinin işini dayandırması ilə bağlı bəyanatında belə deyilir. Qrup bu olaydan hiddətini ifadə edir.

"M.Əliyevin həbsi, Turan İA-nin bağlanması Azərbaycan hökumətinin insan haqları və azadlıqlar məsələsində güzəştə getmək fikrində olmadığının növbəti dəfə ultimativ nümayişidir. M.Əliyevin həbsi ilə ölkədə siyasi məhbusların sayı hiddət doğuran həddə çatıb. Bu həbslə İşçi Qrupun araşdırmalarının yekunu olaraq təsdiqlədiyi siyasi məhbusların sayı ən azı 158-ə yüksəlib. Onlardan 10-u jurnalist və bloggerlərdir", bəyanatda deyilir.

Son olayı pisləyən Qrup BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Dünya Bankı və digər beynəlxalq təşkilatlardan tələb edib ki, avtoritar Azərbaycan hökuməti ilə danışıqlarda və işbirliyində insan haqları və demokratiya məsələsindən alver predmeti kimi istifadə edilməsinə, vətəndaş cəmiyyətinə qarşı repressiyalara göz yumulması siyasətinizə son qoyulsun.

"Biz, Avropa Şurasının Parlament Assambleyasından, Nazirlər Komitəsindən Azərbaycanda siyasi məhbuslarla bağlı məsələnin həllində süründürməçiliyə son qoymağı və ölkədəki ağır duruma adekvat addımlar atmağı tələb edirik. Sizin laqeydliyiniz repressiv hökuməti ölkədə vətəndaş cəmiyyətinin fəaliyyəti üçün müstəvini daha da daraltmağa təşviq edir. Biz, ABŞ və Avropa Birliyi ölkələri hökumətlərini Azərbaycanda insan haqlarına qarşı cinayətlər törədən şəxslərə qarşı ünvanlı sanksiyaları tətbiq etməyə çağırırıq", bəyanaytda vurgulanır.

İşçi Qrup həmçinin beynəlxalq maliyyə institutlarını ölkədə vətəndaş cəmiyyətinin normal fəaliyyətinə şərait yarananadək Azərbaycanın həyata keçirdiyi beynəlxalq və yerli xarakterli iqtisadi layihələrə dəstəyi dayandırmağa çağırırıb.

"Beynəlxalq maliyə qurumları göstərəcəyi yardıma şərt olaraq, Azərbaycan hökumətindən özünün insan haqları və azadlıqları ilə bağlı öhdəliklərinə əməl etməsini, bütün siyasi məhbusları azadlığa buraxmasını, vətəndaş cəmiyyətinə basqılara son qoymasını və onların normal fəaliyyəti üçün şərait yaratmasını tələb etməlidirlər".


Turan