Giorgi Gogia: “Turan-a müdaxilə edilməyən fəaliyyət mühiti yaratmaq lazımdır”


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-22 19:44:46

"Ötən ay Azərbaycan prezidenti İlham Əliyev jurnalistlərə 200-dən çox mənzil verdi və bunun müqabilində "jurnalistlərin dostu" mükafatını aldı. O, Azərbaycanda minlərlə mətbuat agentliyinin fəaliyyət göstərdiyini iddia edir. Amma əslində Azərbaycanda uzun zamandır müstəqil və müxalifət mediasına qarşı antaqonizm mövcuddur. Bu antaqonizmin ən son qurbanı isə ölkənin son müstəqil xəbər agentliyi Turan oldu".

 

Human Rights Watch beynəlxalq hüquq- müdafiə təşkilatının Cənubi Qafqaz üzrə direktoru Giorgi Gogianın təşkilatın İnternet səhifəsidə yayılmış məqaləsində belə yazılır.

 

Giorgi Gogia vurğulayır ki, uydurma ittihamlarla jurnalistləri həbs etmək, media quruluşlarına cinayət işi açmaq Azərbaycan üçün yeni bir hal deyil.

 

"Məsələn, ötən ay hüquq-mühafizə orqanları fəaliyyəti dayandırılmış "Azadlıq" qəzetinin maliyyə direktoru Faiq Əmirlini 3 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Bu yaxınlarda bağlanan "Kanal 13" İnternet kanalının rəhbəri Əziz Orucovla bağlı iyun ayından bəri vergi üzrə məhkəmə işi aparılır. Bir qrup qeyri-hökümət təşkilatı da vergi təftişi və cinayət təhqiqatları səbəbilə fəaliyyətlərini dayandırıblar", -G. Gogia qeyd edib.

 

Turan-a qarşı basqıları ölkədə tənqidi mediaya qarşı aparılan təqiblərin bir hissəsi sayan G. Gogia vurğulayır ki, jurnalistlərə mənzil hədiyyə etməyin Azərbaycanın mətbuat azadlığı ilə bağlı öhdəliklərinin icrası ilə heç bir əlaqəsi yoxdur.

 

"Jurnalistlərə mənzil hədiyyə etməyin Azərbaycanın mətbuat azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməklə heç bir əlaqəsi yoxdur. Bunun üçün haqsız yerə jurnalistləri həbs etməmək və Turan xəbər agentliyinin hökümətin yersiz müdaxiləsi olmadan fəaliyyət göstərməsi üçün şərait yaratmaq lazımdır",- G.Gogia qeyd edib.

 

Xatırladaq ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Turan İnformasiya Agentliyinə cinayət işi açıb. Artıq ibtidai istintaqın başlandığı bildirilir. Nazirlik eyni zamanda, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Agentlikdən deyiblər ki, vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin onlara 37 min manatdan çox borc hesablanması haqqında verdiyi qərara əsaslanır. Departament hesab edir ki, agentlik gəlirlərini az göstərib. Turan İnformasiya Agentliyi bütün iddiaları təkzib edib. Artıq Turan agentliyi vergi yoxlaması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Məhkəmədən agentliklə bağlı nazirliyin çıxardığı qərarların, o cümlədən səyyar vergi yoxlamasının keçirilməsinin qanunsuz və etibarsız sayılması istənilib. Agentlik hesab edir ki, bütün bu addımlar onların fəaliyyətinə mane olmaq, işlərini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər.

 

Avqustun 16-da isə Vergilər Nazirliyinin əməkdaşları Turan agentliyinin ofisinə gəliblər. Onlar 2014-2016-cı illərə aid maliyyə sənədlərini, bir sıra digər sənədləri və mühasibin kompüterini özləri ilə aparıblar.

 

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev baş verənləri "axtarış" adlandırıb. O deyib ki, seyflər, disklər baxışdan keçirilib. Bəzi əməkdaşların dolablarının da yoxlanıldığı bildirilir.

 

M.Əliyev həmçinin vurğulayıb ki, onlar sənədlərin sürətlərini çıxarıb Vergilər Nazirliyinə təqdim etməyə hazırlaşıblar. Bundan ötrü onlara vaxt da verilib. Ancaq nazirliyin əməkdaşları sonradan bunu gözləməyərək özləri agentliyə gəliblər.

 

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Hüquqşünaslar bu tələbi qanunsuz sayırlar.

 

Turan