Rəis müavini İlkin Rüstəmzadəni ölümlə hədələyib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-18 17:24:11

Penitensiar Xidmət isə hədələməni təkzib edir


NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadənin cəzaçəkmə müəssisəsində ölümlə hədələndiyi bildirilir.

 

Bu haqda AzadlıqRadiosuna onun valideynləri bildiriblər. Valideynləri bu gün, avqustun 18-i 13 saylı Cəzaçəkmə Müəssisəsində İ.Rüstəmzadə ilə görüşüblər. Onların deməsinə görə, sözügedən müəssisəyə Elçin Əlicanov yeni rəis müavini təyin edilib.

 

«Avropadan gələn homoseksual komissarlara arxayın olma. Səni bizim əlimizdən onlar da ala bilməz. Gör, səni bir bəhanə tapıb nə günə qoyacam. Səni islah etməyin yolunu bilirəm», -valideynlərinin deməsinə görə, bunları İ.Rüstəmzadəyə yeni rəis müavini söyləyib.

 

İ.Rüstəmzadənin anası övladının həyatından narahat olduqlarını deyib. O bildirib ki, E.Əlicanov əvvəllər başqa cəzaçəkmə müəssisələrində çalışıb.

 

«Oradakıların kimliyinin cəzaçəkmə müəssisəsi işçiləri üçün fərqi olmamalıdır. Hər biri müxtəlif səbəblərdən cəza çəkən insanlardır. Cəzaçəkmə müəssisəsi işçilərinin vəzifəsi hədələmək yox, məhbusların təhlükəsizliyini təmin etmək olmalıdır», - deyən gənc fəalın anası əlaqəli qurumlara tədbir görülməsindən ötrü müraciət edib.

 

Anası həmçinin deyib ki, İ.Rüstəmzadənin səhhətində problemlər qalır. İmmuniteti zəifləyib, hazırda vitaminlər qəbul edir.

 

MEHMAN SADIQOV: «ABSURD İDDİADIR»

 

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, nə İ.Rüstəmzadə, nə də digər məhkum ölümlə hədələnə bilər:

 

«Bütün cəzaçəkmə müəssisələri üçün qüvvədə olan daxili nizamnamə mövcuddur. Bu qaydalara hamı əməl etməlidir. O ki qaldı həmin şəxsin hansısa bir rəsmi tərəfdən ölümlə hədələnməsinə, bu, tamamilə absurd iddiadır. Belə bir şey olmayıb və ola da bilməz».

 

XATIRLATMA

 

İlkin Rüstəmzadə NİDA Vətəndaş Hərəkatının həbs edilən 8 üzvündən biridir. Gənclər kütləvi iğtişaşların təşkili və bir sıra ittihamlarla uzun müddətə həbs olunublar.

 

Onların həbsinə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyası təşkil etmələri səbəb göstərilir. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəni 8 il, Rəşad Həsənovu, Məmməd Əzizovu 7 il yarım, Bəxtiyar Quliyevlə Üzeyir Məmmədlini 7 il və Şahin Novruzlunu 6 il azadlıqdan məhrum etmişdi.

 

«Amnesty International» hüquq-müdafiə təşkilatı həbs edilən NİDA-çıları «vicdan məhbusları» adlandırıb.

 

Sonradan İ.Rüstəmzadədən başqa digərləri əfv və amnistiya aktları çərçivəsində azadlığa çıxıblar.