Avropa Məhkəməsi Mehman Hüseynovun şikayətini icraata götürüb


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-07 17:23:01

Həbsdəki bloqqer Mehman Hüseynovun həbsdən öncə işgəncəyə məruz qalması və inzibati qaydada cərimə edilməsi ilə bağlı şikayətləri artıq Avropa İnsan Haqları Məhkəməsində icraata qəbul edilib.

 

Bu haqda AzadlıqRadiosuna açıqlamasında bloqqerin vəkili Elçin Sadıqov bildirib.

 

Vəkilin sözlərinə görə, M.Hüseynovun sözügedən işlərlə bağlı şikayəti yerli və Böyük Britaniyadan olan vəkillər tərəfindən hazırlanıb. Şikayətlər bloqqerin qanunsuz olaraq inzibati qaydada cərimə edilməsi və onun işgəncə iddiasının effektiv araşdırılmaması ilə bağlıdır. Məhkəmədən pozuntuların tanınması və kompensasiya edilməsi tələb olunur. Məhkəmə artıq həmin şikayətləri icraatına qəbul edib.

 

Avqustun 5-də 14 Saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşən vəkil həmçinin bloqqerin Ali Məhkəmənin onun şikayətinə baxışı yubatmasından narazılıq etdiyini bildirib.

 

"Biz M.Hüseynovun böhtana görə, həbs edilməsi işindən hələ may ayının əvvəlində kassasiya şikayəti vermişik. Ali Məhkəmə şikayətimizi may ayının 15-də qeydə alıb. Ancaq hələ də şikayətə nə zaman baxılacağı ilə bağlı bizə bilgi verilməyib. M.Hüseynov şikayətə baxışın yubanmasından narazıdır", vəkil bildirib.

 

Vəkil bloqqerin saxlanma şəraitindən narazı olmadığını, ancaq sağlıq durumundakı problemlərin qalmaqda olduğunu ifadə edib.

 

"Saxlanma şəraitindən narazılığı yoxdur. Bununla belə səhhətindəki probemlər qalır. Müraciətlərimizin olmasına rəgmənm, tibbi yardım edilmir, əməliyyat edilməsi təmin olunmur", vəkil əlavə edib.

 

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

 

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

 

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

 

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.