"İşıq məhbusları"nın məhkəməsi keçirilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-08-02 16:11:07

Avqustun 2-də Biləsuvar rayonunda məcburi köçkünlərin yaşadığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz etdiyinə görə həbs olunan beş nəfərin məhkəməsi davam etdirilib.

 

"İşıq məhbusları" adlandırılan Cəlal Quliyev, Zaur Feyruz, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərovun işinə Cəbrayıl Rayon Məhkəməsinin sədri Təranə Hüseynova baxır.

 

Turan informasiya agentliyinin məlumatına görə, təqsirləndirilənlərdən C.Quliyevin vəkili E.Sadıqov bildirib ki, prosesdə "işıq məhbusları"nın müdafiəsinə yeni vəkillər qoşulub.

 

Həmin vəkillər məhkəmə qarşısında vəsaət qaldıraraq cinayət işinin materialları ilə tanış olmaları üçün vaxt istəyiblər.

 

Məhkəmə onların vəsatətini təmin edib. Proses avqustun 2-də davam etdiriləcək.

 

2016-cı il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin fasilələrlə verilməsinə etiraz olaraq aksiya keçiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verdiyi bildirilir.

 

Rəsmi məlumata görə, toqquşmada polis əməkdaşlarına xəsarət yetirilib. Bir polis gözündən xəsarət alıb. Ancaq köçkünlər deyir ki, aksiya iştirakçılarından da xəsarət alanlar var və üstəlik, polislərin xəsarət alması ilə bağlı deyilənlər bir qədər şişirdilib.

 

Qəsəbədə yaşayan Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Əliməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərova CM-in 186.2.2 (özgə əmlakını məhvetmə, partlatma və yandırma), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittihamlar verilib.

 

Aksiyadan sonra həmin qəsəbələrə qaz çəkilib.

 

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.