Yaxınları Əfqan Muxtarlı ilə görüşə bilmir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-07-20 20:24:05

«İki aya yaxındır ki, jurnalist Əfqan Muxtarlı həbsdədir, amma ona bəzi yaxınları ilə görüş vermirlər».

Bunu jurnalist Mustafa Hacıbəyli bildirib.


Təqsirləndirilən şəxsə yaxınları ilə görüş verilməməsini qanunvericilik tələbinin pozulması sayan M.Hacıbəyli deyir ki, hətta bu məsələni çözə bilməkdən ötrü məhkəməyə də müraciət etmək istəyiblər:


«Amma bizə xəbər göndərilmişdi ki, təcridxana rəhbərliyinə müraciət edilərsə, məsələ həllini tapa bilər. Bir neçə dəfə gəldik, amma təəssüf ki, verdikləri sözü tutmadılar».


M.Hacıbəyli deyir ki, bu gün, iyulun 20-də də Ə.Muxtarlı ilə görüş baş tutmayıb. Halbuki, Ə.Muxtarlının ailəsi onlara etibarnamə verib və qanunla görüşlərinə heç bir məhdudiyyət olmamalıdır.


Jurnalist vurğulayır ki, təcridxanada digər məhbuslarla müqayisədə Ə.Muxtarlıya daha pis vəziyyət yaradıblar:


«Ə.Muxtarlıya qızdırıcı, soyuducu verilmir, yaxınları ilə görüş verilmir və biz bu məsələni həll etmək üçün məhkəməyə müraciət edəcəyik».

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.


XATIRLATMA


Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan müəmmalı şəkildə Azərbaycana gətirilərək həbs edilib.

Onun özü zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.


Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb. Ancaq jurnalist ittihamları uydurma sayır.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.


Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.


Azadlıq Radiosu