Jurnalist məhkəmə zalından həbs edilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-07-07 16:51:04

İyulun 6-da İmişli Rayon Məhkəməsinin hökmü ilə "Gündəm xəbər" qəzetinin bölgə müxbiri Məhbub Zülfüqarlı 5 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist məhkəmə zalında həbs edilib. Hakim Ülvi Qəmbərovun sədrliyi ilə keçirilən məhkəmə prosesində M.Zülfüqarlı Cinayət Məcəlləsinin 147.1 maddəsi (böhtan) ilə günahlandırılıb. Bu barədə Turan-a jurnalistin ailəsindən bildiriblər.

Hazırda İmişlidə olan hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a deyib ki, jurnalistin həbsi onun tənqidi yazıları ilə bağlıdır.

"Məhkəmədə Məhbub Zülfüqarlının vəkili olmayıb. Hakim hətta jurnalistə son söz deməyə imkan verməyib" , o qeyd edib.

Ailə üzvləri Məhbub Zülfüqarlının birinci vitse-prezident Mehriban Əliyevaya rayonda baş verənlərlə bağlı məktub yazdıqdan sonra məhkəməyə verildiyini bildirib.

"Məhbub Zülfüqarlı birinci vitse-prezident Mehriban Əliyevaya şikayət məktubu yazıb. Məktubda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Cənub Regional İdarəsinin rəisi Saleh Səmədovun haqqında tənqid yer alıb və Səmədov jurnalisti məhkəməyə verib", - ailə üzvlərindən biri qeyd edib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib hakimiyyət müstəqil qəzetlərin çapını dayandırmasına, tənqidçi saytlara girişi bloklamasına baxmayaraq, mətbuata basqıları hələ də davam etdirir.

"Unutmayaq ki, mətbuat cəmiyyətin aynasıdır. Hakimiyyət öz eyiblərini aradan qaldırmağı aynanı sındırmaqda görür. Təbii ki, bu, çıxış yolu deyil. Gəlin, cəmiyyətin aynasını- həqiqi, azad mətbuatı və jurnalistləri qoruyaq", -O. Gülalıyev vurğulayıb.

Xatırladaq ki, hazırda Azərbaycanda ondan çox jurnalist və bloger həbsdədir.

 

Turan