Həbsdəki jurnalistin anasından ölkə rəhbərliyinə sual dolu müraciət


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-07-01 03:10:13

Zahirə Şirəliyeva “Bir valideyn olaraq günün birində görürsünüz ki, övladınız qanunsuz həbs edilir, bu azmış kimi işgəncəyə məruz qoyulmaqla dırnaqları çıxarılır. Bu halda Siz hansı hisslər keçirərsiniz? Maraqlıdır”. 7gun.az-ın həbsdə olan baş redaktoru Cavid Şirəliyevin anası Zahirə Şirəliyeva Azərbaycanın Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib:

Hörmətli Prezident!

Hörmətli Birinci vitse-prezident!

Azərbaycanda mövcud olan rəsmi qurumların, hüquq mühafizə orqanlarının fəaliyyətinə dərin inamsızlığın səbəbində məcbur qalıb Sizə müraciət edirəm.

İlk öncə yüksək diqqətinizə çatdırıram ki, qulluqçu ailəsində doğulmuş, daim əmək, zəhmət, halal alın təri ilə qazanılan bəhər hesabına ömür sürmüşəm. Allah dərgahına qovuşmuş ömür-gün yoldaşımla birgə üç övlad böyüdüb, onların Vətənə və dövlətə faydalı vətəndaş kimi yetişməsinə səy göstərmişəm. Oğlanlarımdan biri hərbiçi, digər isə jurnalist kimi öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər. Hazırki müraciətimdə qeyri-müəyyən şəraitdə öldürülən hərbiçi oğlumun nakam taleyindən deyil, üç ilə yaxındır ki, rəhbərlik etdiyiniz dövlətin müvəqqəti saxlama yerlərində, istintaq təcridxanalarında insanlıqla bir araya gəlməyəm münasibətəlayiq bilinən, yalnız filmlərdə gördüyümüz işgəncələrə məruz qalan oğlum - tanınmış jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyevin başına gətirilənlərdən bəhs edəcəyəm, cənab Prezident, xanım birinci vitse prezident...

Yəqin oğlum Cavidin bir neçə gün oncə media vasitəilə Azərbaycan ictimaiyyətinə ünvanladığı müraciəti oxumamısınız. İnanmaq istəyirəm ki, oxusaydınız özünüz də olmasa, köməkçiləriniz bu qan donduran hekayəyə reaksiya verər, ciddi nəticə doğuran tədbir görülməsə də, quru açıqlama verilərdi.... Bir azərbaycanlı anası olaraq Sizə səslənirəm, bu gün yeganə "günahı" azad surətdə fikir yayan, tapdanmış haqların müdafiəsində olan oğlum Cavidin başına belə rahatlıqla müsibətlər gətirilirsə, hüququnu, haqqını bilməyib hər hansı tələb irəli sürməyə imkan və biliyi yetməyən sadə azərbaycanlının barəsində söz açmağa dəyərmi? Bəli, bir ölkənin ki, jurnalisti, hüquqçusu hakim dairələrin zorakılığına, adamlıqdan kənar davranışına məruz qalırsa, o halda adi vətəndaşın hansı acı durumda olmasını söz önünə gətirmək çətin deyildir.

Cavidin müraciətini oxudum, oğluma axan göz yaşlarımın yardım etməyəcəyini duyduqca içim qovrulur, dünyaya, həyata ikrah hissilə yanaşıram. Doğrudur, Cavidin həbsindən öncə bir ana kimi oğluma tövsiyyə edirdim ki, fəaliyyətinə ara verib hakimiyyət nümayəndələrinin mümkün repressiyasından özünü və ailəmizi sığortalasın. Çünki Azərbaycanda dürüstü ifadə edən fəalların rəsmi zorakılıqla qabaq-qənşər qalması adidən adidir. Yalana çox doğru xidmət edən Cavid kimi gənc oğul və qızlarım ya həbs edilir, ya ölkədən qovulur, ya da birdəfəlik məhv edilir. Amma oğlumu yolundan döndərə bilmədim, fikirlərindən çəkindirməkdə aciz oldum. Bunun nəticəsidir ki, bu gün dörd divar arasında tənha yaşayıram: həyat yoldaşım və oğlum haqq dünyasında, yeganə ümid yerim Cavidin və oğlum haqq dünyasında, yeganə ümid yerim Cavidin isə rəhbərlik etdiyiniz respublikanın zindanlarında represiya altındadır...

Həm Siz, həm də tabeliyinizdə olan yüksək rütbəli vəzifəli şəxslər demokratik dəyərlərin, siyasi azadlıqların mövcud olması barədə fikirlər irəli sürürsünüz.

Mənim ictimai-siyasi proseslərə nə dərin marağım, nə də tanışlığım olub. Amma sual olunur, demokratiya və azadlıq müstəqil jurnalist fəaliyyətinə görə həbs edilib el arasında işgəncə maşını kimi ad çıxaran "Bandatel"də əl-barmaq dırnaqlarının çıxarılmasıdımı? Bəlkə demokratik dəyərlər dedikdə Cavidi vahimə saçan, adını belə tez-tez çəkməyə ehtiyyat etdiyimiz idarənin həyətində qandalla günün altında uzadıb, lüt bədəninə şirin su tökməklə həşəratları cəlb etmək başa düşülməlidir? Cənab Prezident, xanım birinci vitse prezident, elə sanmayın ki, göstərdiyim səhnə Hitlerçilərin, yəhudi məhəlləsində çıxardıqları vəhşiliklər barədə çəkilmiş filimdən götürülüb. Həmin səhnələri real olaraq oğlu Cavid Şirəliyev rəhbərlik etdiyiniz ölkədə yaşayıb. Mən Sizin dəyərli vaxtınızı çox almaq istəmirəm.

Sadəcə, yeganə sual verirəm: təsəvvür edin ki, Cavid və ya azadlıq uğurunda mücadilə verən gənc fəallardan biri Sizin övladınızdır. Bir valideyn olaraq günün birində işgəncəyə məruz qoyulmaqla dırnaqları çıxarılır. Bu halda Siz hansı hisslər keçirərsiniz? Maraqlıdır."


Turan