Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı aksiya keçirilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-19 13:26:28

İyunun 17-də Avropada yaşayan azərbaycanlılar Almaniyanın Nürnberq şəhərində "Siyasi məhbuslarsız Azərbaycan" şüarı ilə etiraz aksiyası keçiriblər. Aksiyada Azərbaycanda həbsdə olan ictimai-siyasi fəallara, jurnalistlərə azadlıq tələb olunub.

Aksiyanı Müsavat Avropa Koordinasiya Mərkəzi (AKM) təşkil edib.

Aksiya barəsində məlumat verən Avropada yaşayan azərbaycanlı mühacir Tural Sadıqlının bildirdiyinə görə, qürbətdəki azərbaycanlılar Azərbaycanda xüsusilə son dönəmlərdə vüsət alan qanunsuz həbslərə etiraz edirlər.

"Bir ay içində xeyli insan həbs olunub. Həbsxanada onlara günahsız siyasi məhbus var. İlqar Məmmədov artıq 5-ci ildir ki, doğum gününü həbsdə qeyd edir. Avropadakı azərbcyanlılar belə qanunsuzlaqlara etiraz edirlər", o, bildirib.

Etiraz aksiyasında 50-yə yaxın azərbaycanalı iştirak edib.

İştirakçılar "İlham Əliyev Gözəl Bayramlını, Əfqan Muxtarlını azad et", "Bayrama, Qiyasa azadlıq", "Qul deyilik, narkoman deyilik", "İlqar Məmmədov azadlığa buraxılsın" və başqa şüarlar səsələndiriblər.

Aksiya 1 saatdan artıq davam edib.

Nürnberq şəhərindən başqa AKM-in təşkilatçılığı ilə Almaniyanın Frankfurt, Dortmund şəhərlərində, Fransanın Laval, İsveçin Höteborq şəhərlərində də aksiyalar keçirilib.

Müsavat Avropa Koordinasiya Mərkəzi 2015-ci ildə Almaniyada təsis edilib və 2016-cı ildə qeydiyyata alınıb.

Koordinasiya Mərkəzi bu il fevralın 18-də Almaniyada "Siyasi məhbuslara azadlıq!" şüarı ilə aksiya keçirmişdi. Həmin aksiyadan sonra etiraz tədbirlərinin təşkil edən, eləcə də, aksiyada iştirak edənlərin Azərbaycandakı yaxınlarının polisə çağırıldığı, sorğu-sual edildiyi bildirilirdi.

Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa Qəmbər və Arif Hacılı, eləcə də partiyanın icra aparatının rəhbəri Gülağa Aslanlı da Baş Prokurorluğa çağırılmış, onların ifadələri alınmışdı. (Turan)