Faiq Əmirlinin səhhətindəki problemlər davam edir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-19 13:00:48

Kürdəxanı istintaq təcridxanasında saxlanılan "Azadlıq" qəzetinin maliyyə direktoru və Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin köməkçisi Faiq Əmirlinin səhhəti kəskin şəkildə pisləşib.

Onun həyat yoldaşı Lalə Əmirlinin Turan-a verdiyi məlumata görə, mədə xorası xəstəliyindən əziyyət çəkən F.Əmirli hər yeməkdən sonra qaytarır. Öd kisəsi xəstəliyi də kəskinləşib.

İstintaq təcridxanası şəraitində müalicə səmərəsizdir. Çünki Əmirlinin pəhrizli qidaya, isti sulu yeməklər yeməyə ehtiyacı var. Amma istintaq təcridxanasında onu hər gün bununla təmin etməyə imkan yoxdur.

Müdafiə tərəfi dəfələrlə istintaq orqanı və məhkəmə qarşısında təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar ev dustaqlığına buraxılması haqqında vəsatət qaldırıb. Amma vəsatətlərin heç biri təmin edilməyib.

Əmirli 2016-cı il avqustun 20-də saxlanılıb və CM-in 168.1 (dini ayinlərin icrası bəhanəsi ilə vətəndaşların hüquqlarına qəsd etmək) və 283.2.2-ci (KİV-də dini və milli ədavət salmaq) maddələri ilə ittiham olunub.

2017-ci il aprelin 17-də ona qarşı 231.1 (vergi ödənişindən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrlə yeni ittihamlar irəli sürülüb.

Amma ibtidai istintaqın yekunlarına görə 168.1 və 308-ci maddələrlə ittiham ləğv edilib.

Hazırda işə məhkəmədə baxılır.

Əmirli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

"Sərhədsiz Reportyorlar" beynəlxalq jurnalistləri müdafiə təşkilatı Əmirovun həbsini pisləyib və "əsassız ittihamları" ləğv etməyə çağırıb.

 

Turan