Natiq Kərimov "Bandotdel"də verdiyi ifadələrin təhrif olunduğunu bildirib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-17 19:49:11

Cümə günü "Nardaran işi -2" üzrə məhkəmə prosesində Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ifadə verib.

Xatırladaq ki, işin fiqurantları "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 dindardır.

Qasımov 2015-ci ilin noyabrında həbs edilib, amma sonradan (Nardaranda polisin xüsusi əməliyyatından sonra) onu hakimiyyəti ələ keçirmək cəhdində, terrorizmdə və s. ittiham ediblər.

Analoji ittihamlarla daha 10 nəfər həbs edilib: Ağa Yəhyayev, Mahir Qəhrəmanov, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov, Elgün Axundov, Vüsal Alış, Seymur Aslanov, Əli Şahbazov, Əmirəli Əliyev və İsa Qəmbərov.

Natiq Kərimov öz ifadəsində bildirib ki, DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində dindirilib. Onu "Müsəlman Birliyi" hərəkatının lideri Taleh Bağırzadə ilə bağlı dindiriblər.

Kərimov bildirib ki, bir ilahiyyatçı kimi Bağırzadəyə hörmətlə yanaşır, amma onun bir sıra bəyanatları ilə razı deyildi və bunu açıq şəkildə deyirdi.

Kərimovun sözlərinə görə, "Müsəlman Birliyi" Hərəkatı təsis edildikdə o, onlara təbrik məktubu göndərib.

O, həmçinin deyib ki, MCMBİ-də öz ifadələrini oxumadan imzalayıb. Buna görə yazılı ifadələrdə onun sözləri təhrif olunmuş da ola bilər.

Xüsusən, o, "Müsəlman Birliyi" Hərəkatının fəallarında silah olması haqqında iddiaları təsdiq etməyib.

Növbəti məhkəmə iclası iyunun 30-na təyin edilib.

İclasda şahid ifadələrinin dinlənilməsinin davam edəcəyi gözlənilir.

Kərimov özü mayın 12-də dövlətə xəyanət ittihamı ilə 5 il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Turan