İsa Qəmbər prokurorluqda ifadə verib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-16 20:16:35

İyunun 16-da Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Baş Prokurorluğun Ağır Cinaytələrə dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə şahid qismində iki saatadək dindirilib.


İsa Qəmbər dindirmədən sonra bildirib ki, ictimai-siyasi fəallara, jurnalistlərə qarşı mənasız-məntiqsiz cinayət işlərinə son qoyulmalıdır.


"Məntiqsiz, mənasız cümlələrdir. Özləri bir şey uydurub. Mən də dedim uydurmusunuz. Mən prokurorluğun Əfqan Muxtarlının öz xoşu ilə sərhədi keçməsi, gedib-gəlməsi, pul gətirməsi kimi cəfənglərinə inanmadığımı bildirdim. Əfqan Muxtarlının özünün səsləndirdiyi versiyanın həqiqət olduğunu dedim. Bunlar isə çalışırlar ki, özlərinin uydurduğu versiyanın ətrafında guya hansısa bir ciddi araşdırma işinin getdiyini nümayiş etdirsinlər. Bu, mənasızdır. Artıq bütün dünya Əfqanın Tbilisinin mərkəzindən oğurlandığını və Azərbaycana təhvil verildiyini bilir. Dünən Avropa Parlamentinin qətnaməsi də bu yöndə oldu. Dünyada hər kəsin bildiyi bir həqiqəti kənara qoyub uydurma bir versiyanın ətrafında guya istintaq işinin aparıldığını iddia etmək özünə hörmət edən hüquq işçisinə yaraşmaz", deyə o qeyd edib.


Jurnalist Ə.Muxtarlının mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Muxtarlı deyib ki, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildiririb ki, sərhəddə cibinə 10 min avro qoyulub.


Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.


Ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 4 aylıq həbs cəzası verilib.


Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifidir.


Turan