Avropa İttifaqı komissarı: “Fikrini ifadə etdiyinə görə həbs edilənlər azad edilməlidir”


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-16 15:06:35

Avropa İttifaqı komissarı Yohans Hanın Turan-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirk.

Sual: Bakı və Brüssel arasında gələcək tərəfdaşlıq sazişi ilə bağlı ikitərəfli danışıqların nəticələri barədə nə deyə bilərsiniz? Sizcə, Bakının iqtisadi əməkdaşlığı demokratiya və insan haqları kimi siyasi məsələlərdən üstün tutması Avropa İttifaqı üçün qəbulediləndirmi?

Cavab: Bu həftə Bakıda aparılan tərzdə beynəlxalq danışıqlar bir qayda olaraq məxfi olur və mən spesifik məqsədləri şərh edə bilmərəm. Lakin təbii ki, hər iki tərəf üçün qəbuledilən olacağına və faydalı razılıq əldə edilə biləcəyinə inanmasaq, bu gün bu danışıqları aparmazdıq. Bizim üçün iqtisadi əməkdaşlıq, demokratiya və insan haqları bir-birinə rəqib deyil, tamamlayıcı sahələrdir - bu sahələrdə aparılan işlər bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir. Düzgün işləyən qanunun aliliyi sistemi olmadan nə sabitlik, nə də iqtisadi inkişaf mümkündür. Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etmək istəyir və buna nail olmaq üçün çoxsaylı şərtlərdən biri kimi yeni müəssisələrin yaranması məqsədilə ixtisaslaşmış işçi qüvvəsi və biznes mühitinə ehtiyac var. Yaxşı idarəçilik və qanunun hakimiyyəti sərmayə və müsbət biznes mühiti baxımından zəruri şərtlərdir. Həm Azərbaycan, həm də Aİ-nin maraqlarına xidmət edəcək, eləcə də Aİ-nin fundamental dəyərlərlə bağlı standartlarına cavab verəcək iddialı sazişin əldə ediləcəyinə inanıram.

Sual: Azərbaycandakı son vəziyyət jurnalistlər, hüquq müdafiəçiləri və siyasi fəallara qarşı yeni təzyiqlər dalğasının başlanğıcından xəbər verir.

Jurnalist Əfqan Muxtarlının Gürcüstandan qaçırılaraq Bakıya gətirilməsini xüsusi vurğulamaq istərdik. AXCP sədrinin müavini Gözəl Bayramlı və digər fəalların həbsi də daxil olmaqla, bu kimi halları necə qiymətləndirirsiniz?

Cavab: Məsələləri açıq şəkildə debata çıxara bilməyən cəmiyyət tərəqqi üçün lazım olan yeni iqtisadi və sosial ideyalar yarada bilməz və fundamental azadlıqların təmin edilməsi vacibdir. Qaçırılma və qanunsuz saxlanma cinayətdir və bu məsələdə məsuliyyəti olanların tam aydınlığa çıxarılmasını gözləyirik. Hesab edirəm ki, fikrini ifadə etdiyinə görə həbs edilənlərin hamısı, hər biri azad edilməlidir. Əlbəttə, siyasi rəhbərliklə aparılan bütün görüşlərimdə bu məsələləri açıq şəkildə müzakirə edəcəyəm.

Sual: Hazırkı səfərinizin gündəliyi barədə nə deyə bilərsiniz? Vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşmək planınız varmı? Əgər görüş olmazsa onlara ismarıcınız varmı?

Cavab: Proqramım olduqca əhatəlidir: əvvəlcə prezident İlham Əliyevlə görüşəcəyəm, ardınca xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlərim olacaq. Azərbaycanın öz iqtisadiyyatını diversifikasiya etmək səylərinin müsbət hal olduğuna inanıram və bu strategiyada mühüm rol oynayan Bakı Limanına da baş çəkəcəyəm. Biznes və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə də görüşəcək və keçən həftə Bakıda baş tutmuş Aİ-Azərbaycan biznes forumu ilə əlaqədar məsələləri və iqtisadi artımı gücləndirmək yollarını müzakirə edəcəyəm. Sonda isə digər bir əhəmiyyətli görüş təşkil ediləcək - bütün səfərlərimdə olduğu kimi, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəyəm. Onları əmin etmək istəyirəm ki, demokratik islahatlar sahəsində irəliləyiş, insan haqları və fundamental azadlıqlar məsələləri hazırki danışıqlar və yenilənmiş Avropa Qonşuluq Siyasəti kontekstində Aİ gündəliyində yenə də öndə gəlir. Eyni zamanda yeni sazişin Azərbaycanda insan haqlarının təşviqi istiqamətində hansı yollarla istifadə oluna biləcəyi və son hüquqi dəyişikliklərin qeyri-hökumət təşkilatlarının iş mühitinə təsiri barədə onların fikirlərini bilmək istərdim.