Vəkil: "Mehman Hüseynovun ağrıları artıb, əməliyyat olunmaq istəyir"


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-16 14:44:11

"14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovun ağrıları artıb. Əməliyyat olunmaq istəyir".

İyunun 15-də Cəzaçəkmə Müəssisəsində bloqqerlə görüşən vəkili Elçin Sadıqov Azadlıq Radiosuna açıqlamasında belə deyib.

"Artıq ona şəxsiyyət vəsiqəsi də veriblər. Ümumi durumu normaldır. Əhvalı yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur. Ancaq son günlərdə ağrılarının artdığını deyir. Bunun üçün onun əməliyyat olunmasına ehtiyac var", deyən vəkil bloqqerin əməliyyat edilməsi üçün yenidən əlaqəli qurumlara müraciət edəcəyini bildirib.

E.Sadıqov Avaropa Şurasi Parlament Assambleyasının Azərbaycan səfər etmiş məruzəçilinin 14 saylı Cəzaçəkmə Müəssisəsində olduğunu da bildirib. Onun sözlərinə görə, həmməruzəçilər M.Hüseynovla da görüşüblər. Bloqqer onlara qanunsuz həbs olunmasından, problemlərindən danışıb.

Qeyd edək ki, venoz damarındakı ağrılardan əziyyət çəkən M.Hüseynov əməliyyat edilməsi üçün daha əvvəl müraciət etmişdi. Ancaq Ədliyyə Nazirliyinin tibb idarəsi əməliyyat edilməsinə zərurət olmadığını bildrimişdi.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Buna qədərisə onun yanvarın 9-da oğurlandığı güman edilirdi.

Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.