AXCP fəalı 4 il azadlıqdan məhrum edilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-16 14:26:54

İyunun 16-da  Bakı Ağır Cinayətlər Məhkəməsində AXCP fəalı Fuad Əhmədlinin işi üzrə proses başa çatıb.

Bugünkü iclasda vəkil Əsabəli Mustafayev və Fuad Əhmədli özü son sözlə çıxış ediblər.

Vəkil bildirib ki, cinayət işi saxtalaşdırılıb. İstintaq səhih sübutlar təqdim etməyib. Müdafiə tərəfinin 9 vəsatətindən ancaq texniki xarakterli bir vəsatət təmin edilib.

F.Əhmədli bildirib ki, siyasi motivlərlə təqib olunur. Ancaq onu və digər AXCP fəallarını heç bir cinayət işi sındıra bilməz, onlar azadlıq və demokratiya uğrunda mübarizəni davam etdirəcəklər.

Məşvərətdən sonra məhkəmə hökmü elan edib. Məhkəmə "zərərçəkənlər"in F.Əhmədliyə iddialarının olmadığını əsas gətirərək 308.2-ci maddə (vəzifəli şəxslər tərəfindən sui-istifadələr, ağır nəticələrə səbəb olduqda) üzrə ittihamı bu maddənin birinci bəndinə (vəzifəli şəxslər tərəfindən sui-istifadə) tövsif edib.

Bununla belə, məhkəmə fəalı 4 il azadlıqdan məhrum edib.

Bundan öncə prokuror onun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Müdafiə tərəfi hökmdən şikayət vermək niyyətindədir.

Xatırladaq ki, Fuad Əhmədli 2016-cı ilin avqustunda həbs olunub. O, operator işlədiyi "Azerfon" şirkətində (Nar Mobile) bir neçə nəfərin şəxsi məlumatlarını başqasına ötürməkdə ittiham olunur.

Ancaq məhkəmə zamanı bu ittihamlar öz təsdiqini tapmayıb və istintaqın "zərərçəkən" kimi tanıdığı şəxslər müttəhimə heç bir iddia irəli sürməyiblər.

"Zərərçəkənlər"dən biri Məhəmməıd Quliyev özü dələduzluq ittihamı ilə axtarışda olub və belə bir adamın ifadəsinə inanmaq olmaz, vəkil Əsabəli Mustafayev hesab edir.

 

Turan