Jurnalist Sevinc Vaqifqızı prokurorluqda dindirilib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-15 19:08:58

Jurnalist Sevinq Vaqifqızı Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsində iyunun 14-də dindirilib.

Bu haqda onun vəkili Şəhla Hümbətova AzadlıqRadiosuna bildirib.

Vəkilin bildirdiyinə görə, S.Vaqifqızını həbsdəki jurnalist Əfqan Muxtarlının işi üzrə dindiriblər.

Vəkil dindirmənin detalları haqda bilgi verməyib. Əlavə edib ki, istintaqın başqa sualları olarsa, jurnalisti yenə çağıracaqlar.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı da Əfqan Muxtarlının işi üzrə Baş Prokurorluğa çağırılıb.

İsa Qəmbər iyunun 16-da saat 15:00-da, Arif Hacılı iyunun 17-də saat 14:00-da, Gülağa Aslanlı isə iyunun 20-də ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmalıdır.

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.

Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Bakıdakı rəsmi qurumların bildirməsinə görə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.