Vəkil Əfqan Muxtarlının işi üzrə istintaqdan narazıdır


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-12 19:08:10

Jurnalist Əfqan Muxtarlının vəkili Elçin Sadıqov jurnalistin işi üzrə aparılan istintaqdan narazıdır. O, bu barədə öz facebook səhifəsində yazıb.  Vəkil hesab edir ki, istintaq bir tərəfli aparılır, bütün obyektiv sübutlar gizlədilir və bununla bağlı müdafiə tərəfinin vəsatətləri təmin edilmir.

Vəkil bildirib ki, Dövlət Sərhəd Xidməti onun Əfqan Muxtarlının işi üzrə verdiyi bütün vəsatətləri rədd edib. Həmin vəsatətlər aşağdakılardır:

1. Ə.Muxtarlının üzərindən çıxdığı iddia edilən 10 min Avronun üzərindəki əl-barmaq izlərinin çıxarılması və kimə məxsus olması barədə ekspertiza keçirilməsi idi, həmin vəsatət təmin olunsaydı pulların üzərində Ə.Muxtarlının əl-barmaq izlərinin olmaması və pulun Ə.Muxtarlıya aidiyyətinin olmadığı sübut ediləcəkdi.

2. Sərhəd zastavasının 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarının əldə edilməsi idi. Həmin vəsatət təmin olunsaydı Ə.Muxtarlının sərhəd zastavasına avtomobildə gətirilib, gözübağlı şəkildə avtomobildən düşürülüb zasatavanın inzibati binsaına salındığı sübut ediləcəkdi və onu gətirən xüsusi təyinatlıların şəxsiyyətini müəyyən etməyə imkan verəcəkdi.

3. Balakən rayonu ərazisində yerləşən Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postunun 18:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan təhlükəsizlik, müşahidə və rentgen videokameralarının lent yazılarının əldə edilməsi idi. Bu vəsatətimiz təmin edilsəydi Ə.Muxtarlının gözləri bağlı, əlləri arxadan xamutla qandallanmış şəkildə xüsusi xidmət orqanının avtomobilində (həmin avtomobilin qapısı öndən arxaya açılırmış) Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postundan keçirildiyi sübut olunacaqdı.

4. Əfqan Muxtarlının bədəni üzərindəki xəsarətlərin müayinə edilməsi üçün dərhal məhkəmə tibbi ekspertizanın təyin edilməsi və Ə.Muxtarlının bədəninə baxış keçirilməsi barədə idi. Müstəntiq ekspertin səlahiyyətlərini mənimsəyərək belə nəticəyə gəlib ki, Ə.Muxtarlının bədənində heç bir xəsarət yoxdur, ona görə bu vəsatət də təmin olunmamalıdır. Halbuki ekspertiza rəyi olmadan müstəntiq də daxil olmaqla heç kəsin belə fikir söyləmək hüququ yox idi.

İstintaqın obyektiv aparılmadığını deyən Elçin Sadıqov hesab edir ki, istintaq obyektiv aparılmalıdır: “Beləliklə Ə.Muxtarlı barədə istintaq bir tərəfli aparılır, bütün obyektiv sübutlar gizlədilir bununla bağlı vəsatətlərimiz təmin edilmir. Hesab edirik ki, Azərbaycan höküməti bu işin obyektiv araşdırılmasında maraqlı olmalı, obyektiv sübutları gizlətməməli, onları məhv etməməlidir. Ə.Muxtarlı bildirir ki, beynəlxalq təşkilatlar Balakən rayonu ərazisində yerləşən Mazımqaya Sərhəd Nəzarət Məntəqəsinin və dövlət gömrük postunun 18:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan təhlükəsizlik, müşahidə və rentgen videokameralarının lent yazılarını və Sərhəd zastavasının 29 may 2017-ci il tarixə saat 20:00-dan 30 may 2017-ci il tarix saat 06:00-dək olan müşahidə və təhlükəsizlik kameralarının videolent yazılarını ciddi cəhdlə və təcili tələb etməlidir”, deyə vəkil qeyd edib.

 
Gozetci.az