Sabah Əfqan Muxtarlının məhkəməsi olacaq


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-05 21:53:34

Bakı Apellyasiya Məhkəməsi jurnalist Əfqan Muxtarlının barəsində həbs qətimkan tədbirinin seçilməsindən verilmiş şikayətə baxacaq. Bu barədə onun vəkili Elçin Sadıqov "Azadlıq" radiosuna bildirib. O, həbs barədə qərarın əsassız olduğunu bildirib.

"Biz şikayətdə həmin qərarın ləğv edilməsini tələb etmişik. Ədalətli məhkəmə baxışı olarsa, həmin qərar ləğv edilməlidir", - vəkil bildirib.

Apellyasiya şikayətinə iyunun 6-da saat 12:30-da hakim İlqar Murquzovun sədrliyilə baxılacaq.

Jurnalist Ə.Muxtarlı mayın 29-da Gürcüstan ərazisində oğurlanıb və Azərbaycana gətirilib. O. Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə ittiham olunur.

Bundan başqa ona qarşı CM-in 318.1, 206.1-cı maddələri (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) ilə ittihamlar irəli sürülüb. Məhkəmənin qərarı ilə ibtidai istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ancaq Ə.Muxtarlı məhkəmədə bildirib ki, Gürcüstandan zorla gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.

Ə.Muxtarlı iki ildən çoxdur ki, Gürcüstanda yaşayır. O, Azərbaycanda təqib olunduğunu bildirib. Son vaxtlar Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda fəal iştirak edib. Bir sıra araşdırma yazılarının müəllifi, həmçinin Qarabağ müharibəsi iştirakçısıdır.

 

Turan