HRW Gürcüstan hakimiyyətindən Əfqan Muxtarlının oğurlanmasının araşdırılmasını tələb edir


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-06-01 18:27:21



Human Rights Watch (HRW) beynəlxalq hüquq-müdafiə təşkilatı Gürcüstanda azərbaycanlı jurnalistin oğurlanmasını və Azərbaycanda ona qarşı cinayət ittihamının irəli sürülməsini pisləyib.


Təşkilat Gürcüstan hakimiyyətini jurnalistin oğurlanmasını operativ araşdırmağa, Azərbaycan hökumətini isə onu dərhal azad etməyə və ittihamları götürməyə çağırıb.


Ə.Muxtarlı və onun xanımı, araşdırmaçı jurnalist Leyla Mustafayeva Azərbaycan hakimiyyətinin təqiblərindən qaçmaqdan ötrü 2015-ci ildən Gürcüstanda yaşayırlar.


"Əfqan Muxtarlı təhlükəsizlik axtarışı ilə Gürcüstana gedib, ancaq, görünür, Azərbaycan hakimiyyətinin əlindən kifayət qədər uzağa gedə bilməyib", - Human Rights Watch Cənubi Qafqaz bölməsinin direktoru Georgi Qoqiya bildirib.

Gürcüstan hakimiyyəti də Muxtarlının taleyinə görə məsuliyyəti bölüşür.


43 yaşlı Ə.Muxtarlı araşdırmaçı jurnalistdir, bir neçə müstəqil və müxalifətyönlü KİV-də, Sülh və Müharibə İnstitutunda, Meydan TV-də və digər KİV-də çalışıb.

Onun araşdırmaları Azərbaycan Müdafiə Nazirliyində korrupsiyanın olmasını və prezident İlham Əliyevin və ətrafının qonşu Gürcüstanda biznesini üzə çıxarıb.

Ə.Muxtarlı Tbilisidə öz işini davam etdirib, Azərbaycan səfirliyinin qarşısında keçirilən etiraz aksiyalarında iştirak edib.


Ə.Muxtarlı Facebook-da tez-tez Azərbaycan hökumətində korrupsiya faktlarını və fəalların təqib olunmasını tənqid edib.


Ə.Muxtarlı və L.Mustafayevanın Gürcüstanda oturma izninin müddəti formal olaraq 2016-cı ilin sentyabrında bitib və Gürcüstan hökuməti onu uzatmaqdan imtina edib. Ancaq onlar Gürcüstanda leqal yaşamaqda davam ediblər, çünki Azərbaycan pasportlarının sahibləri üçün Gürcüstanda viza tələb olunmur və onlar bir ilədək ölkədə qala bilər.


Sonra bəyanatda Ə.Muxtarlının Tbilisinin mərkəzində oğurlanaraq Azərbaycana göndərilməsi qeyd olunur. Azərbaycanda ona qarşı sərhəddi qanunsuz keçmək, qaçaqmalçılıq və sərhədçiyə qarşı zorakılıq kimi saxta ittihamlar irəli sürülüb.


"Heç kim inanmır ki, Muxtarlı könüllü olaraq Azərbaycana keçmək istəyib, çünki oradan təqiblərdən qaçıb. Əgər Azərbaycan hakimiyyətinin qanun pozuntuları ilə bağlı sübutu varsa ekstradisiya tələb edə bilərdi. Bunun əvəzinə onu kriminal yolla oğurlayıblar", - G.Qoqiya bildirib.


Gürcüstan hakimiyyəti Ə.Muxtarlının oğurlanması və Gürcüstan hüquq-mühafizə orqanlarının Ə.Muxtarlının sərhəddən qanunsuz olaraq keçirilməsində və ya oğurlanmasında iştirakı faktlarını dərhal araşdırmalıdır, HRW bəyan edib.


Gürcüstanla Azərbaycan Avropa Şurasının üzvləri, Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçılarıdır. Dövlət qurumlarının Ə.Muxtarlının oğurlanmasında və Azərbaycana verilməsində iştirakı və ya bunu sükutla qarşılaması bu sənədin ciddi pozulmasıdır.


"Azərbaycan hökuməti tənqid edənlərin təqib olunması ilə bağlı dəhşətli tarixə malikdir. Biz Əfqan Muxtarlının təhlükəsizliyinə görə çox narahatıq", - Qoqiya vurğulayıb. "Azərbaycan hakimiyyəti onu dərhal azad etməli və Gürcüstana öz ailəsinə qayıtmasına şərait yaratmalıdır", - o qeyd edib.

Turan