Böyük Britaniyanın Bakıdakı səfiri Ümumdünya Mətbuat Azadlığı Günü münasibətiylə ziyafət verib


a-
a
a+
Print Friendly Version of this pagePrint Get a PDF version of this webpagePDF

Xəbərin tarixi: 2017-05-03 22:19:00

Elçin Şıxlı: ''Dördüncü hakimiyyətin problemləri artıb''

 

Mayın 3-də Böyük Britaniyanın Bakıdakı səfiri Karol Krofts Ümumdünya Mətbuat Azadlığı Günü münasibətiylə evində ziyafət verib.

 

Tədbirdə qəzetlərin, saytların redaktorları, media ekspertləri və bir sıra jurnalist təşkilatlarının təmsilçiləri iştirak edib.   

 

Səfir deyib ki, ifadə azadlığı və davamlı inkişaf üçün əsalət əsas şərtlərdəndir:

 

“Sülhün və qarşılıqlı anlaşmanın katalizatoru rolunda medianın imkanlarının önə çəkilməsi, ifadə və məlumat azadlığı daha impulsiv cəmiyyət quruculuğuna aparır”.

 

Daha sonra hazırda çapı dayandırılan "Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı danışıb. O, dünyada dördüncü hakimiyyətin problemlərinin artdığını deyib:

 

"Trampın 250 illik tarixi olan "Nyu-York Times" qəzetinin müxbirlərini görüşünə dəvət etməməsi, Azərbaycanda baş verənlər məni məyus edir, amma təəccübləndirmir. Jurnalistika texnologiyaların inkişafı nəticəsində daha çevik və xalq arasında asanlıqla yayılan hadisə olub. Nəticədə xalq jurnalistikası əmələ gəlib. Bu, gözəl bir şeydir. Onu göstərir ki, sosial şəbəkələrin yayılması, onların həyatımızda rol almağı hamının informasiya ötürə bilməsinə şərait yaradır”.

 

Elçin Şıxlı bunların da mənfi tərəflərinin olduğunu deyib. O, keyfiyyətli jurnalistikanın küncə sıxışdırıldığını söyləyib:

 

“Kütləvi olan gedişatda keyfiyyət öz yerini kəmiyyətə verir. Odur ki, çox hallarda yoxlanılmamış informasiyanın yayılmasının şahidi oluruq. Eyni zamanda, gənclərdə diqqət çatışmazlığı sindromu yaranır. Onların çox az qismi jurnal, qəzet oxuyur. Hətta kompüter vasitəsilə oxuyanlar da azalır, bu, təbiidir. Keyfiyyətli jurnalistika azad söz deməkdir. Azad sözü isə azad insan deyə bilər. Hazırda postsovet məkanında mətbuatla bağlı oxşar proseslər gedir”.

 

Sonda səfir Karol Krofts beynəlxalq mətbuat gününün tarixinə toxunub. Xatırladıb ki, Ümumdünya Mətbuat Azadlığı Günü YUNESKO-nun tövsiyyəsi əsasında 1993-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən təsis edilib. (Meydan TV)