ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi oktyabrın 25-də iqtisad elmləri doktoru Qubad İbadoğlu ilə görüşüb və onun səhhəti ilə bağlı narahatlığını bildirib.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan haqları öhdəliklərinə əməl etməyə, doktor İbadoğluna qoyulan məhdudiyyətləri aradan qaldırmağa və haqsız yerə həbs edilənlərin hamısını azad etməyə çağırır”, səfirliyin məlumatında deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə isə “X” platformasında görüşlə bağlı yazıb ki, ABŞ-nın daxili işlərə, istintaq prosesinə və məhkəmə sisteminin müstəqilliyinə müdaxilə vasitəsi kimi insan haqları məsələlərini istifadə etmək və təhrif etmək hüququ yoxdur.
O, Azərbaycanda fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildirib.
“Eyni zamanda, ABŞ-də olduğu kimi, cinayət əməllərinə görə cəza çəkən vətəndaşlar heç bir ayrıseçkiliyə məruz qalmadan cəzaçəkmə rejimlərinin müvafiq qanunlarının tələblərinə tabedirlər”, Ayxan Hacızadə qeyd edib.
Ayxan Hacızadə hesab edir ki, bəzi xarici hökumətlərin və siyasətçilərin milli qanunvericilik əsasında məhkəmə tərəfindən cinayət ittihamı ilə məhkum edilmiş şəxslərin azadlığa buraxılması tələbləri onların qanunun aliliyinə sadiqliyini şübhə altına salır.
Görüş COP-29 konfransı ərəfəsində beynəlxalq miqyasda Azərbaycanda insan hüquqlarının çətin durumu ilə bağlı tənqidlərin yer aldığı vaxta təsadüf edir.
Bu, ABŞ səfirinin Qubad İbadoğlu ilə ikinci görüşüdür. Səfir Mark Libbi bundan öncə Qubad İbadoğlu ev dustaqlığına buraxılandan sonra mayın 10-da onunla görüşüb.
Azərbaycan hökuməti ölkədə insanların iradəsinə görə təqib edilmədiyini bildirir. Hökumət rəsmiləri beynəlxalq və yerli tənqidləri qəbul etmir, fundamental hüquqların tam təmin edildiyini bəyan edir.
Bununla yanaşı yerlı hüquq müdafiəçiləri Azərbaycanda 314 nəfəri siyasi məhbus kimi tanıyır.
ABŞ Dövlət Departamenti, həmçinin Dövlət katibi Antoni Blinken Azərbaycanı haqsız yerə həbsdə olan şəxsləri azad etməyə çağırıb.
Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunan Qubad İbadoğlu 2023-cü ilin iyulun 23-də həbs edilib.
Yaxınları onun saxlanılarkən zorakılığa məruz qaldığını, həbsdə olduğu müddətdə zəruri tibbi yardım alması üçün şərait yaradılmadığını və nəticədə səhhətində ciddi problemlərin yarandığını bildiriblər.
Çoxsaylı yerli və beynəlxalq çağırışlardan sonra aprelin 22-də İbadoğlunun həbsi ev dustaqlığı tədbiri ilə əvəz edilib.
Mayın 21-də isə ev dustaqlığı müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub və iş üzrə istintaqın müddəti daha 3 ay (avqustun 20-dək) uzadılıb. Bununla yanaşı, iyulun 29-da İbadoğlu ilə bağlı cinayət işinin istintaqı qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qubad İbadoğlu ona qarşı irəli sürülən ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.
Qubad İbadoğlunun xaricdə müayinə və müalicə olunması üçün ölkədən buraxılmasına icazə verilməsi tələbi ilə çoxsaylı beynəlxalq təşkilatlar, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının deputatları, ABŞ Dövlət Departamenti, həmçinin çoxsaylı ABŞ senatorları və konqresmenləri Azərbaycan hökumətinə müraciət edib.
İbadoğlunun özü də xaricdə müayinə, müalicə və əməliyyat üçün tibbi məqsədlərlə ölkədən qısa müddətli çıxış üçün iki dəfə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti qəbul etməyib. Nərimanov Rayon Məhkəməsinin hər iki imtina qərarından apellyasiya şikayəti verilsə də təmin olunmayıb.
Amerikanın Səsi