Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanda AİHM qərarlarının icrasını müzakirə edir

tərəfindən Gozetci

Avropa Şurası

 

Avropa Şurası Nazirlər Komitəsinin bu həftə keçirilən rüblük iclasında Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı qərarlarının icra durumu yenidən müzakirəyə çıxarılacaq.

Nazirlər Komitəsinin gündəliyində Azərbaycan üzrə 10-dan artıq məhkəmə qərarı var. Bunlar fəallar və jurnalistlərə qarşı əsassız təqiblərlə bağlı işlərin toplandığı Məmmədli qrupu işləri, ifadə azadlığının pozuntusu ilə bağlı işlərin toplandığı Mahmudov və Ağazadə qrupu işləri, habelə “Sargsyan Azərbaycana qarşı” işi üzrə məhkəmə qərarlarıdır.

Məmmədli qrupu işləri Azərbaycanda 2013-2016-cı illərdə ictimai-siyasi fəalların, jurnalist və hüquq müdafiəçilərinin fəaliyyətlərinə və hökumətə qarşı tənqidi mövqelərinə görə əsassız təqiblərə və həbslərə məruz qalması ilə bağlıdır. Bu qrupda Anar Məmmədli, İntiqam Əliyev, Xədicə İsmayılova, Qiyas İbrahimov və Bayram Məmmədov, Arif və Leyla Yunusların işləri yer alır.

Nazirlər Komitəsi əvvəlki qəralarında Azərbaycan hökumətini fərdi tədbirlər kimi ərizəçilərin məhkumluğunu ləğv etməyə və onlara qarşı irəli sürülən ittihamların bütün digər nəticələrinin aradan qaldırmağa, ümumi tədbirlər kimi isə Cinayət Məcəlləsindən sui-istifadə hallarını aradan qaldırmağa, məhkəmə sisteminin müstəqilliyini təmin etmək üçün əsaslı tədbirlər görməyə çağırıb.

Məmmədli qrupu işlərini monitorinq edən beynəlxalq insan hüquqları təşkilatları koalisiyası avqustun 8-də Nazirlər Komitəsinə təqdim etdiyi məlumatda Azərbaycan hökumətinin AİHM-in tələb etdiyi tədbirləri hələ də tam icra etmədiyini, Anar Məmmədlinin bu ilin aprelində yenidən həbs edilməsinin Azərbaycanın Məhkəmənin qərarlarının icrasından nə dərəcədə uzaq olduğunu nümayiş etdirdiyini vurğulayıb.

Koalisiya ötən ilin noyabrından bəri vətəndaş cəmiyyəti, jurnalistlərə və siyasətçilərə qarşı yeni repressiya dalğasında cinayət qanunvericiliyindən sui-istifadə halları davam etdiyini, Azərbaycanda məhkəmə sisteminin institusional müstəqillikdən və əsaslı islahatlardan məhrum olmaqla icraedici orqanların ciddi təsiri altında qalmaqda davam etdiyini qeyd edib.

Nazirlər Komitəsinin bu həftə müzakirə edəcəyi Mahmudov və Ağazadə qrupu üzrə işlər Azərbaycanda Cinayət Məcələsinin defamasiya və digər müddəlarından istifadə etməklə jurnalistlərin təqib edilməsi, onların ifadə azadlığının pozulmasını əks etdirən AİHM qərarlarından ibarətdir.

Nazirlər Komitəsi əvvəlki qərarlarında Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyası standartlarına uyğun olaraq jurnalistlərin özbaşına cinayət təqibindən müdafiəsinə yönəlmiş yerli məhkəmə təcrübəsinin təkmilləşdirilməsi məqsədilə tədbirlər görməyə, defamasiyaya görə azadlqıdan məhrum etmə cəzalarının ləğvinə çağırıb.

Azərbaycan hökuməti Mahmudov və Ağazadə qrupuna daxil olan qərarların icra durumu barədə avqust ayında təqdim etdiyi hesabatında qeyd edib ki, bu qrupdakı işlərin əksəriyyətində fərdi tədbirlərin icrasını yekunlaşdırıb.

Hökumət həmçinin bildirib ki, milli məhkəmələr nifrətli çıxışlar və ya şiddətə təşviq halları istisna olmaqla, defamasiyaya görə azadlıqdan məhrum etmə cəzalarının verilməsindən çəkinir.

“Hökumət hazırda defamasiya ilə bağlı qanunvericiliyə dəyişiklik edərək azadlıqdan məhrum etmə cəzalarının aradan qaldırmağı hədəfləyən tədbirlərin həyata keçirilməsini dəyərləndirilməkdədir”, hesabatda bildirilir.

Media Hüquqları İnstitutu isə Nazirlər Komitəsinə verdiyi məlumatda Azərbaycan hökumətinin defamasiya üzrə milli qanunvericiliyi Konvensiya standartlarına uyğunlaşdırmaq üçün heç bir addım atmadığını, defamasiya da daxil olmaqla cinayət qanunvericiliyinin tətbiqi ilə jurnalistlərin hələ də təqib edildiyini vurğulayıb.

Son olaraq toplantıda AİHM-in “Sarqsyan Azərbaycana qarşı” işi üzrə qərarının icra durumunun müzakirə edilməsi gözlənilir. Bu qərar Qarabağ münaqişəsinin aktiv hərbi fazası (1992-1994) zamanı insanların məcburi köçkün düşməsi, onların öz evlərinə və mülklərinə çıxışının mümkünsüzlüyü, bu kontekstdə effektiv vasitələrin olmaması ilə əlaqəlidir.

Azərbaycanın tərəfdaş olduğunu Avropa İnsan Hüquqları Konvensiyasının 46-cı maddəsinə əsasən, Avropa Məhkəməsi qərarlarının icrası dövlətlər üçün məcburidir. Avropa Şurası Nazirlər Komitəsi AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və digər tərəflərin təqdim etdiyi məlumatlara əsaslanaraq nəzarət edir.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az