41
Vəkil: “7 aydır Ülvi ilə bağlı istintaq hərəkətləri aparılmır”
Mayın 9-da “Abzas Media”nın direktoru Ülvi Həsənlinin və baş redaktor Sevinc Vaqifqızının (Abbasova) ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlərə baxılıb.
Vəkil Zibeydə Sadıqova bildirib ki, Xətai Rayon Məhkəməsində keçirilən hər 2 prosesdə vəsatətlər təmin edilməyib.
“Ülvi Həsənli artıq 7 aya yaxındır ki, həbsdədir. Onunla bağlı xüsusi bir istintaq hərəkləti aparılmır. Həm də 1 yaşlı qızı var. Bunları nəzərə alıb məhkəməyə müraciət etdik ki, ev dustaqlığı ilə bağlı qətimkan tədbiri seçilsin. Nə istintaq, nə də məhkəmə çağırsa, yayınası deyil. Əgər gəlməzsə, bu zaman barəsində başqa qətimkan tədbiri seçilər. Çox təəssüf ki, məhkəmə bizim bu vəsatətimizi təmin etmədi. Artıq bununla bağlı 3-cü vəsatətdir veririk. Bundan əlavə Sevinc Vaqifqızının da vəkili ev dustaqlığı ilə bağlı müraciət etmişdi, o vəsatət də təmin edilmədi” – vəkil bildirib.
Məhkəmədə çıxış edən Ülvi Həsənli bildirib ki, cinayət işi əsassızdır. Ona 1 saylı Bakı İstintaq Təcridxanasında ailəsilə normal görüş üçün şərait yaradılmır. O da vəsatətin təmin edilməsini istəsə də, məhkəmə bu istəyi almayıb.
Hazırda medianın 6 üzvü 6 aya yaxındır ki, həbsdədir.
Jurnalistlər, yerli və beynəlxalq hüquq müdafiəçiləri “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırırlar.
AbzasMedia