Həbsdə olan müxalifətçi saxlanma şəraitinin pisləşməsindən şikayət edir

tərəfindən Gozetci

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının həbsdə olan sədri Zamin Salayev həbsxanada təzyiqə məruz qaldığını bildirir.

Zamin Salayevin həyat yoldaşı Səidə Salayeva fevralın 13-də onunla telefon danışığından sonra deyib ki, Zamin Salayevin ayaqları şişib, ürəyindəki problemlər ciddiləşib.

“Bu xəstə vəziyyətində onun barakını dəyişiblər. İndi saxlandığı barakda məhkumların sayı daha çoxdur və məişət şəraiti daha pisdir. Zamin dedi ki, ona qarşı təzyiqlər dayanmasa, quru aclığa başlayacaq”, deyə Səidə Salayeva qeyd edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən deyilənləri təkzib ediblər.

“Zamin Salayev öz yerində qalır. O, aclıq etmir. Dünən görüşü olub. Sovqat qəbul edib. Müəssisə rəhbərliyi tərəfindən ona qarşı heç bir təzyiq yoxdur”, deyə İctimaiyyətlə Əlaqələr şöbəsindən bildiriblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli partiya fəalına qarşı təzyiqləri pisləyən bəyanatla çıxış edib.

“Zamin Salayevdən əl çəkin! Hamı bilir ki, Zamin Salayevi şərləyib həbs etmisiniz. Həm də artıq neçənci dəfədir ki, Zamin Salayev şərlənib həbs olunub. Heç olmasa onu cəzaçəkmə müəssisəsində rahat buraxın. Əlizamin bəy dostlarına xəbər göndərib ki, ona təzyiq edilir, ona qarşı hansısa təxribat hazırlanır. Əlizamin bəy mesaj göndərib ki, ona qarşı təzyiq dayanmasa, yenidən və həm də quru aclığa başlamalı olacaq. Ürək xəstəsi olan Əlizamin bəyin çarəsizlikdən quru aclığa təhrik edilməsi elə onun həyatına dolayı qəsddir”, deyə partiyadan qeyd ediblər.

* Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə təqsirli bilərək 4 il azadlıqdan məhrum edib.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasını təmin etməyə çağırıb.

Turan 

 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az