Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı repressiyaları pisləyib

tərəfindən Gozetci

Ülvi Həsənli, SEvinc Vaqifqızı, Məhəmməd Kekalov

“Son 72 saat ərzində azı 3 jurnalistin həbs olunduğu Azərbaycanda müstəqil medianın qalıqları yenidən hücuma məruz qalıb

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycanda mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyalar və bu yaxınlarda müstəqil jurnalistlərin həbsi ilə bağlı bəyanat yayıb.

Komitənin yaydığı bəyanatda bu repressiyalar qətiyyətlə pislənilib, həbs edilmiş müstəqil jurnalistlərin və bütün siyasi məhbusların dərhal azad edilməsinə çağırılıb.

“Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi müstəqil jurnalistlər – “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalovun son həbslərini, Dr. Qubad İbadoğlunun həbs müddətinin bu yaxınlarda uzadılmasını pisləyir və Azərbaycan hakimiyyətini fəallara, jurnalistlərə qarşı siyasi motivli təqib və təzyiqləri dayandırmağa çağırır”, – bəyanatda deyilib.

Noyabrın 20-də “Abzas Media” müstəqil media platformasının direktoru Ülvi Həsənli həbs edilib və ona qarşı AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup şəklində qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. “Abzas Media”nın “Facebook”da dərc etdiyi bəyanatında vurğulanır ki, həbs böyük ehtimalla Həsənli və komandasının hakimiyyətin yüksək çinli məmurlarının korrupsiya faktlarını ifşa edən silsilə araşdırmaları ilə bağlıdır.

Komitənin bəyanatında deyilib ki, Doktor Qubad İbadoğlunun hadisəsində olduğu kimi, polis “Abzas Media”nın ofisində də külli miqdarda nağd pul (40 min avro) aşkar edib.

“Həsənli bu pulların ona aid olmasını və onlarla hər hansı əlaqəsini inkar edir.

Bu, Ülvi Həsənlinin Azərbaycan polisi ilə ilk qarşılaşması deyil: o, Söyüdlüdə (Azərbaycanın Gədəbəy rayonu) ekoloji etirazları işıqlandırdığına və ABŞ-ın Bakıdakı səfirliyi qarşısında feminist qrup tərəfindən təşkil olunmuş fləşmobu lentə aldığına görə bu il azı iki dəfə dindirilib və saxlanılıb. Ülvi Həsənli Azərbaycanda qəbul edilən “Media haqqında” qanunu və onun ölkədə media azadlığına təsirini açıq şəkildə tənqid edən azsaylı şəxslərdən biridir”.

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı 2023-cü il noyabrın 21-də İstanbuldan Azərbaycana qayıdarkən saxlanılıb. Onun evində axtarış aparılsa da, qadağan olunmuş əşya tapılmayıb. Həsənli kimi Vaqifqızı da AR Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup tərkibində qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur.

Həsənlinin həbs edildiyi gün gənc jurnalist və əlillərin hüquqlarının müdafiəçisi Məhəmməd Kekalov da mülki geyimli polis əməkdaşları tərəfindən evindən zorla aparılıb.

Komitə bildirib ki, 2022-ci ilin dekabrında Bəxtiyar Hacıyevin həbsi hadisəsi kimi, Kekalov 13-16 noyabr 2023-cü ildə Brüsseldə keçirilən ŞT CSF-nin İllik Assambleyasından Bakıya qayıtdıqdan qısa müddət sonra saxlanılıb.

“Kekalovun həbsindən sonra ailəsinə və dostlarına onun harada olduğu barədə heç bir məlumat verilməyib. Onlar Kekalovun həbsdə fiziki təzyiqə və işgəncəyə məruz qalmasından ehtiyat edirlər. M.Kekalova qarşı irəli sürülən ittihamlar və saxlandığı yerlə bağlı rəsmi açıqlama verilməyib”.

Bəyanatda bu ayın əvvəlində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının yol-nəqliyyat hadisəsi ilə bağlı həbs edilməsi də xatırladılıb. Azərbaycan hakimiyyətinin onun məhkumluğundan A.Hacılıya qarşı təzyiq vasitəsi kimi istifadə etməsi vurğulanıb.

“Son günlər hüquq müdafiəçiləri və jurnalistlərin hədələnməsi ilə yanaşı, noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini daha 3 ay – 2024-cü ilin fevral ayının sonunadək uzadıb.

Bu yaxınlarda həyata keçirilən həbslər Azərbaycan hakimiyyətinin müxalifəti susdurmaq üçün narkotiklərin qanunsuz dövriyyəsi, narkotik vasitələrin saxlanması və xarici valyuta qaçaqmalçılığı ilə bağlı saxta ittihamlardan alət kimi istifadə etməsi praktikasına uyğun gəlir.

Belə bir şəraitdə biz Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi beynəlxalq ictimaiyyətə qoşulur və Azərbaycan hakimiyyətini jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kəkalov, eləcə də Qubad İbadoğlu, Bəxtiyar Hacıyev və hazırda dəmir barmaqlıqlar arxasında həbsdə olan bütün siyasi məhbusları, hüquq müdafiəçilərini dərhal azad etməyə çağırırıq.

Biz Azərbaycan hakimiyyətini həbslər dalğasını, müstəqil mediaya və vətəndaş cəmiyyətinə qarşı davam edən repressiyaları dayandırmağa, onların qondarma ittihamlarla mühakimə olunması tendensiyasına son qoymağa çağırırıq”, – deyə bəyanatda qeyd olunub.

Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Rəhbər Komitəsi Azərbaycan hökumətini getdikcə sərtləşən qanunvericilikdən və hökumət nəzarətini artıran, vətəndaş cəmiyyətinin, medianın və siyasi müxalifətin fəaliyyətini məhdudlaşdıran sərt tədbirlərdən, o cümlədən 2022-ci ildə qüvvəyə minən “Media haqqında” Qanundan imtina etməyə çağırıb.

“Biz Azərbaycan hökumətini dissidentlərə və onların vəkillərinə qarşı təqib, repressiya və zorakılıq kimi narahatedici tendensiyanı dayandırmağa çağırırıq.

Həmçinin Avropa İttifaqını və üzv dövlətləri Azərbaycanda siyasi motivli işlər üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını diqqətlə izləməyə çağırırıq.

Biz Avropa İttifaqını və Üzv Dövlətləri Azərbaycanın hakimiyyət orqanları və hökuməti ilə təmasda olarkən Aİ-nin demokratik dəyərlərini və insan haqlarını ardıcıl surətdə dəstəkləməyə və Bakının insan hüquqları və fundamental azadlıqlar məsələsi üzrə təcrübəsini nəzərə alaraq strateji enerji tərəfdaşlığına yenidən baxmağa çağırırıq”, – deyə komitənin bəyanatının sonunda vurğulanıb.

AbzasMedia

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az