Bəxtiyar Hacıyevin həbs müddəti daha 3 ay artırıldı

by Gozetci

Bəxtiyar Hacıyev

Vəkillər bunu qanun pozuntusu hesab edirlər

Oktyabrın 2-də Xətai Rayon Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin müddətinin daha 3 ay artırılması barədə Baş prokuror Kamran Əliyevin təqdimatına baxılıb.

Məhkəmədə Bəxtiyar Hacıyevin işi üzrə istintaqı aparan müstəntiq təqdimatı əsaslandırarkən deyib ki, onun həbsdə saxlanma müddətinin artırılmasına ehtiyac var. Çünki istintaq davam edir, hələ bir sıra zəruri istintaq hərəkətləri aparılmalıdır və s.

Vəkillər Rövşanə Rəhimli, Cavad Cavadov, Aqil Layıc və Elçin Sadıqov isə təqdimata etiraz ediblər. Deyiblər ki, bu təqdimat təmin oluna bilməz. Onun təmin olunması qanun pozuntusu olacaq. Çünki qanunvericiliyə görə, Bəxtiyar Hacıyev haqqında istintaq müddəti 12 aydan çox ola bilməzdi. Yalnız, xüsusilə ağır cinayətlərin istintaqı bir ildən çox ola bilər. 3 aylıq müddət təmin olunsa, 12 aylıq müddət keçəcək və qanun pozulmuş olacaq.

Bəxtiyar Hacıyev haqqında cinayət işi 2022-ci il oktyabrın 17-də başlanıb. Əvvəl cinayət işi fakt üzrə – onunla bloger Ülviyyə Alovlu (Muradova) arasında mübahisəyə görə başlayıb. Daha sonra dekabrın 9-da Bəxtiyar Hacıyevə qarşı ittiham irəli sürülüb və o, həbs olunub.
Bəxtiyar Hacıyev özü də aylardır hüquqlarının pozulduğunu, saxta ittihamlarla həbsdə saxlandığını deyib.

Məhkəmənin gedişində hakim Fuad Axundov xəstə olduğunu deyib, dərman içmək üçün fasilə elan edib. Fasilə isə təxminən bir saatdan çox çəkib. Geri qayıdandan sonra isə Baş prokurorun təqdimatını təmin edib və Bəxtiyar Hacıyev haqqında həbs qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.

Onun vəkili Rövşanə Rəhimli Xətai Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Rövşanə Rəhimli. Foto: Meydan TV

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunanda Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunurdu. Onunla Ülviyyə Alovlu arasında Yasamal Rayon Məhkəməsində gedən mübahisədə məhkəmə zalında insident baş verdiyi iddia olunur.

İyunun 16-da ona qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə – ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin (CM) 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Bir müddətdir ki, Bəxtiyar Hacıyevin 2020-ci ildə İkinci Qarabağ Müharibəsi dövründə orduya yardım kampaniyası çərçivəsində topladığı yardımlarla bağlı da Bakı şəhər Baş Polis İdarəsində araşdırma gedir.

Meydan TV

You may also like

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az