Amerikalı senator və AŞPA məruzəçisi Qubad İbadoğlunun azad edilməsinə çağırıb

tərəfindən Gozetci

Ben Kardin

Amerikalı Senator Ben Kardin həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri və iqtisadçı alim Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

“Azərbaycan hökumətinin azərbaycanlı müxalifət lideri və iqtisadçı Qubad İbadoğlunun siyasi motivli həbsi ölkədə müstəqil səsləri dəhşətli şəkildə boğması diqqəti daha da artırır”, o, X-də ( keçmiş Twitter) qeyd edib.

Senator paylaşımında iqtisadçı alimin və həyat yoldaşının saxlanılan zaman fiziki təzyiqə məruz qalması barədə yayılan məlumatlara da münasibət bildirib.

“O, təkcə saxta cinayətlərdə ittiham olunmayıb, o həm də özü və həyat yoldaşının həbsi zamanı şiddətli döyüldüyü və həbsdə olarkən ona tibbi yardım göstərilmədiyi barədə xəbərlər eşidirik. Mən onu dərhal azad etməyə çağırıram”, o bildirib.

Sunna Evarsdottir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə baş məruzəçisi Sunna Evarsdottir də azərbaycanlı alim, Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

“Cənab İbadoğlunun iyulun 23-də zorakılıqla saxlanılması və daha sonra həbs olunması ilə bağlı xəbərlər məni şoka salıb. O, “mütəşəkkil qrup şəklində saxta pul hazırlamaq, əldə etmək və ya satmaq”da ittiham olunur və günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. Mən ona qarşı ittihamların onun fəallığından irəli gəlməsi və siyasi motivli olmasından narahatam”, AŞPA məruzəçisi avqustun 24-ü yaydığı bəyanatda vurğulayıb.

Bəyanatda qeyd edilir ki, Qubad İbadoğlu müstəqil iqtisadçı, siyasətçi və Azərbaycan hökumətinin tənqidçisidir. Onun akademik araşdırmalarının bir hissəsi Azərbaycanın dövlət qurumları daxilində korrupsiyaya yönəlib.

2023-cü ilin iyununda Qubad İbadoğlunun gənc azərbaycanlılar üçün təhsil fondu yaratdığını bildirən islandiyalı deputat, fondun korrupsiya ilə məşğul olduğu iddia edilən elitalardan müsadirə edilən ianələr və xarici aktivlər hesabına maliyyələşdiriləcəyini bildirib.

Qubad İbadoğlunun bu yaxınlarda ürək əməliyyatı keçirməsinə və çoxsaylı xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq, lazımi qidaya çıxışı olmadığı və sürətlə arıqlaması ilə bağlı məlumatların olduğunu qeyd edən AŞPA məruzəçisi İbadoğlunun saxlanma şəraiti və həkimə müraciət edə bilməməsi ilə bağlı iddiaların ciddi narahatlıq doğurduğunu vurğulayıb.

“Mən Azərbaycan hakimiyyətini Qubad İbadoğlu üçün insani şəraiti, o cümlədən zəruri qida və tibbi yardıma çıxışını təmin etməyə, Azərbaycan hökumətini siyasi motivli ittihamların götürülməsi və onun dərhal azad edilməsi üçün lazım olan bütün addımları atmağa çağırıram”, Sunna Evarsdottir əlavə edib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az