Qalib Toğrul: “Qubad İbadoğluna qarşı psixoloji təzyiq davam edir”

tərəfindən Gozetci

Qubad İbadoğlu

Həbs olunduğu 20 gün ərzində Qubad İbadoğlunun təzyiqi və şəkəri bir gün olsa belə, normallaşmayıb.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, iqtisadçı alimin səhhətində geriləmələr davam edir.

“Əksinə sinir sistemi pozulduğundan qalxanabənzər vəzində düyünlər əmələ gəlib, böyrəklərində problemlər yaranıb, ödündə və mədəaltı vəzində neqativ dəyişikliklər müşahidə olunub, sol gözü əhəmiyyətli dərəcədə zəifləyib”.

Onun sözlərinə görə, Qubad İbadoğlu 20 gündür ailəsi ilə görüşə bilmir.

“Avropada təhsil alan övladları ilə telefon əlaqəsinə qadağa qoyulub, kitab, jurnal verə bilmirik, qəbul etmirlər. Qubad İbadoğluna qarşı psixoloji təzyiq davam edir”, o bildirib.

Penitensiar Xidmət Qubad İbadoğlunun sağlamlıq durumu ilə bağlı hələ şərh verməyib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirindən verilmiş apellyasiya şikayətləri təmin olunmayıb.

Qubad İbadoğlu Azərbaycan Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur.

Azərbaycan Daxili İşlər Nazirliyi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamı qəbul etmir. O, məhkəmədə irəli sürülən ittihamı saxta adlandrıb.

Qubad İbadoğlu vaxtı ilə Fulbrayt proqramı çərçivəsində ABŞ-da təhsil alıb. O, ölkədə və beynəlxalq aləmdə iqtisadiyyat sahəsində tanınan alimlərdəndir. İqtisad elmləri doktoru İbadoğlu London İqtisadiyyat Məktəbi, ABŞ-ın Duke və Ratqers Universitetlərinin professoru olub. İqtisadiyyat üzrə ən nüfuzlu beynəlxalq tədbirlərdə Azərbaycanı təmsil edib.

Uzun illər xaricdə yaşadıqdan sonra bu yaxınlarda Azərbaycana qayıdan İbadoğlu ötən ay mühacirətdə olan bir neçə aparıcı azərbaycanlı siyasətçi və fəalla birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradılmasını elan edib. Qubad İbadoğlu Azərbaycan məmurlarının xarici ölkələrdə olan qanunsuz yolla qazandıqları vəsaitlərin bu fonda köçürülməsinə və gənclərin təhsilinə sərf olunmasına çağırıb.

Çoxsaylı yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Deparatmenti Qubad İbadoğlunun həbsindən narahatlığını bildirib, onun azad edilməsini tələb edib.

“İnsan hüquqları hər zaman Birləşmiş Ştatlar üçün masadadır və biz öz narahatlığımızı açıq və fərdi qaydada ifadə edirik”, Dövlət Departamentinin sözçüsü Metyu Miller İbadoğlunun həbsinə münasibət bildirərkən deyib.

Amerikanın Səsi

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az