ABŞ Konqresindən Qubad İbadoğlu ilə bağlı çağırış

tərəfindən Gozetci

Kristofer Smit. Foto: “chrissmith.house.gov”

“Bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”

ABŞ Konqresinin Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan Kristofer Smit Azərbaycan Prezidenti İlham Əliyevi iqtisadçı Qubad İbadoğlunu azad etməyə çağırıb.

Bu barədə “Turan” konqresmenin rəsmi saytına istinadən məlumat yayıb.

Konqresmen yaydığı bəyanatda xatırladır ki, professor Qubad İbadoğlu hazırkı hökuməti kəskin tənqid edib və Azərbaycanda şəffaflığın artırılması və ölkə liderlərinin hesabatlı olması üçün çalışıb.

Kristofer Smit qeyd edir ki, İbadoğlu həyati təhlükəsi olan şəraitdə kəskin şəkərli diabet, boğaz infeksiyası və yüksək qan təzyiqi ilə mübarizə üçün lazım olan dərmanlar olmadan həbsdədir:

“Ona təmiz su, yemək verilmir və o, təhlükəli cinayətkarlarla bir kameranı paylaşır. İbadoğlu sürətlə arıqlayır və səhhətinin kəskin şəkildə pisləşməsinin digər əlamətləri müşahidə edilir”.

“Əgər o, haqsız yerə həbsxanada olarkən vəfat edərsə və ya sağlamlığına daimi ziyan dəyərsə, bütün məsuliyyəti Prezident Əliyev daşıyacaq”, – deyə Kristofer Smit bildirib.

“2015-ci ilin dekabrında K.Smit “Azadlıq Radiosu”nun köşə yazarı Xədicə İsmayılovanın mühakimə olunması ilə bağlı Konqresin dinləmələrinə sədrlik etdi. Həmin ildə K.Smit ölkədə qanunun aliliyini və insan hüquqlarına hörməti təşviq etmək üçün Azərbaycan Demokratiya Aktını təqdim etdi. O, insan haqları missiyası ilə bir neçə dəfə Azərbaycanda olub”, – deyə press-relizdə deyilir.

Avqustun 7-də Demokratiya Uğrunda Dünya Hərəkatı (World Movement for Democracy Team)  da Qubad İbadoğlunun müdafiəsinə qoşulub.

Hərəkatın yaydığı müraciətdə bildirilir ki, korrupsiya ilə mübarizə üzrə araşdırmaçı Azərbaycandan olan doktor Qubad İbadoğlu hücuma məruz qalıb və hakimiyyət tərəfindən həbs edilib.

Qubad İbadoğlunun həbsi

Qubad İbadoğlu iyulun 23-də saxlanılıb, ertəsi gün Nərimanov rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 ( saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
ADR sədri daha dörd nəfərlə əlbirlikdə ittiham olunur.

Onların adları ilk dəfə iyulun 23-də Türkiyə mediasında açıqlanmışdı.

FETÖ (Fətullah Gülən Terror Örgütü) ilə əlaqəli şəxslər kimi təqdim olunan bu dörd nəfərə qarşı da Qubad İbadoğlu ilə eyni – Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən dörd nəfər Döyrüş Cəfərov, Gümrah Əbdürəhmanov, Ruslan Əliyev və Anar Əliyevdir.

Qubad İbadoğlu saxlandıqdan sonra yayılan məlumatlarda iddia olunurdu ki, Anar Əliyev ifadəsində onun adını çəkib.

Amma Qubad İbadoğlu ümumiyyətlə, bu şəxsi tanımadığını deyib.

Qubad İbadoğlunun ofisində, mənzilində, bağ evində axtarışlar aparılıb.

Ofisdən 40 min dollar pul tapıldığı iddia olunur. Lakin ADR sədri bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur.

Qubad İbadoğlu axtarışdan sonra məkandan çıxarılıb aparılarkən siyasi sifarişlə həbs olunduğunu bildirib.

Meydan TV 

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az