Afiəddin Məmmədova 30 sutka həbs cəzası verildiyi bildirilir
O, məhkəmə qarşısına öz vəkili olmadan çıxarılıb
İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri, avqustun 1-də saxlanılan Afiəddin Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. Meydan TV-nin əldə etdiyi məlumata görə, onun haqqında Xətai Rayon Məhkəməsinin hakimi Rəfail Sadıxov bu barədə qərar çıxarıb. O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsilə cəzalandırılıb.
Afiəddin Məmmədovun üzv olduğu “Demokratiya-1918” Hərəkatının sədri Əhməd Məmmədli bildirib ki, ictimai fəalın məhkəmədə müdafiə hüququ da pozulub. O, məhkəmə qarşısına öz vəkili olmadan çıxarılıb:
“Məhkəmənin katibi deyir ki, “hələ məhkəmə keçirilməyib, qərar verilməyib”, amma bu biri tərəfdə Daxili İşlər Nazirliyi ona 30 sutka həbs cəzası verilməsi barədə məlumat yayır. Əvvəl heç olmasa, saxta məhkəmə qurulurdu, indi ona da ehtiyac duyulmur”.
* * *
Polis onunla bağlı araşdırma aparıldığını deyir
İctimai fəal, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov saxlanılıb. Onun eyni zamanda, üzv olduğu D-18 Hərəkatından verilən məlumata görə, Afiəddin Məmmədov avqustun 1-də axşam saatlarında evə gedərkən onu mülki geyimlilər saxlayaraq, zorla maşına mindirib. Sonradan həmin şəxslərin Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduğu müəyyənləşdirilib.
“Hazırda Afiəddin Məmmədovu şərləyib həbs etməyə hazırlaşırlar. Üç saat əvvəl Kuryerlər Birliyinin aksiyası zamanı artıq mülki geyimli polis əməliyyatçılarının bizi izlədiyini hiss etmişdik”, – D-18 Hərəkatının sədri Əhməd Məmmədli bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti Afiəddin Məmmədovun saxlandığını təsdiqləyib:
“Hazırda araşdırma aparılır, əlavə məlumat veriləcək”.
Afiəddin Məmmədov bundan əvvəl polisə müqavimət ittihamıyla bir neçə dəfə həbs olunub. Lakin o, bu ittihamların saxta olduğunu, ictimai fəaliyyətinə görə cəzalandırıldığını bildirib. Bu həbslərin birində ictimai fəal bildirmişdi ki, Bakı şəhər Baş Polis İdarəsində ondan telefonuna daxil olmaq üçün parolu verməyi tələb ediblər. O isə parolu verməkdən imtina edib. Buna görə orada işgəncəyə məruz qalıb.
Meydan TV