Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Aqil Hümbətovun iyulun 12-də saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başladığı bildirilir.
Siyasi fəalın həyat yoldaşı Aygün Hümbətova Amerikanın Səsinə deyib ki, Aqil Hümbətov ailəsinin sosial yardımının kəsilməsinə etiraz olaraq aclığa başlayıb.
“O aclığa başlaması ilə bağlı bu gün ərizə ilə cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edib. Bundan sonra həyat yoldaşımı cərimə təcridxanasına (kars) salıblar”, o qeyd edib.
Aygün Hümbətovanın sözlərinə görə, uşaqlarının sosial yardımını mayın 1-dən kəsiblər.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə bildirdilər ki, ailəmə kəsilən 272 manat sosial yardım düz hesablanmayıb. Mənim üç uşağım var. Ona görə 450 manatdan çox yardım təyin ediləcək. Bu səbəbdən mənə ərizə yazdırıb 272 manatdan imtina etdirdilər. İndi isə nə 272 mantı ala bilirəm, nə də vəd etdikləri 450 manatı. Ailəm çox ağır durumda yaşayır. Üç azyaşlı uşağım var. Hər hansı gəlir yerimiz yoxdur. Evimiz çox rütubətlidir, uşaqlarım öskürür. Həkim deyir müalicə edilməsə astma xəstəliyinə tutulacaqlar. İki aydan çoxdur ki, yaxşı insanlar uşaqlarıma çörək alırlar. Onun-bunun yardımı ilə zülmlə sabaha ümidlə yaşayıram”, o qeyd edib.
Öz növbəsində, Penitensiar Xidmətdən bununla bağlı şərh almaq hələ mümkün olmayıb.
2021-ci ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. O, xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla sağlamlığa qəsdən ağır zərər vurmağa görə həbs edilib.
Aqil Hümbətov 2021-ci il avqustun 11-də saxlanılıb və Bakının Zirə qəsəbəsinin sakini Yəmən Məmmədova bıçaq xəsarəti yetirməkdə ittiham olunub.
Hüquq müdafiəçilərinin fikrincə, Aqil Hümbətova qarşı ittiham əsassızdır, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.
Həbsindən bir il öncə Aqil Hümbətov hakimiyyəti tənqid etdiyinə görə iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib.
Amerikanın Səsi